31 oktyabr 2023-cü il tarixdə Kəngərli rayon Xok kənd sakini İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Cəfərov Ülvi Habil oğlunun ildönümü məzarı önündə qeyd olundu. Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi, Kəngərli rayon idarə, müəssisə və təşkilatların əməkdaşları, hərbçilər, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirdi ki, 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının, onun liderinin, Şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Bu tarixi zəfəri bizə Ali Baş Komandan İlham Əliyev və Rəşadətli Azərbaycan Ordusu yaşatdı. Qazanılmış şanlı Tarixi Zəfərimiz nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Ərazi bütövlüyünü bərpa edən, tarixi torpaqlarımızda üçrəngli bayrağımızı ucaldan Azərbaycan dövləti bu tarixi Qələbədən sonra daha da qüdrətlənəcək, inkişaf edəcək.