06 noyabr 2023-cü il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Kəngərli Rayon Bayraq Meydanında 8 Noyabr-Zəfər Günü ilə əlaqədar "Heydər Əliyev siyasətinin təntənəsi - Tarixi Zəfərimiz" mövzusunda tədbir keçirilmişdir.
Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Təhsil Şöbəsinin müdiri vəzifələrini müvəqqəti icra edən Teymur Əsgərov, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olunduğunu bildirmiş və qeyd edilmişdir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Qarabağ azad edilib və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Qarabağda suverenliyini bərpa edən Azərbaycan bununla mahiyyət etibarilə şanlı Zəfəri tamamlamışdır.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı İlham Əliyev demişdir: "Biz heç zaman işğalı unutmamalıyıq. Bunları bu gün həm gənc nəsil, həm də məktəbdə oxuyan uşaqlar da bilməlidir. Onlar bilməlidirlər ki, xalqımız necə çətin sınaqlardan çıxıb və heç zaman əyilməyib"
Daha sonra İkinci Qarabağ müharibəsi qazisi Nicat Süleymanov "Zəfər bayrağımız etibarlı əllərdədir!" mövzusunda çıxış etmiş, keçdiyi döyüş yolundan bəhs etmişdir.
Şəhid anaları Möhsümova Hicran Cəmil qızı və Əliyeva Xəzəngül Əbdülhüseyn qızı dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə şagirdlərin ifasında şeirlər səsləndirilmiş, Qıvraq qəsəbə körpələr evi - uşaq bağçasının balaca fidanlarının kompozisiyaları təqdim olunmuş, Çalxanqala kənd tam orta məktəbi şagirdlərinin ifasında mahnılar səsləndirilmişdir.