Noyabrın 4-də Kəngərli Rayon İcra Hakimiyyətinin və Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı ilə Çalxanqala kənd Uşaq Musiqi Məktəbində "Zəfərin Mübarək, Azərbaycan Xalqı" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Çalxanqala kənd Uşaq Musiqi Məktəbinin direktoru Zeynəb Yusifova çıxış edərək 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirib. Qeyd olunub ki, tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaqdır. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.
Vətən müharibəsi iştirakçısı, qazi Samir Həsənov qeyd etdi ki, müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verir.
Daha sonra Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivlərinin ifasında musiqi nömrələri səsləndirilmişdir.