Zəfərin Füzuli zirvəsi

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 17 Oktyabr – Füzuli Şəhəri Günü elan edilmişdir. Düz 4 il əvvəl məhz bu gün Füzuli şəhəri düşmən əsarətindən azad edilmişdir. Bu əlamətdar hadisə təkcə dahi şairin adını daşıyan rayonun sakinlərində deyil, ölkəmizin hər bir vətənda­şının qəlbində böyük ruh yüksəkliyi və coşqu yaratmışdır. Füzuli rayonunun azad edilməsi uğ­runda savaş Azərbaycan Ordusunun İkin­ci Qarabağ müharibəsində cənub-şərq istiqamətində apardığı ən əhəmiyyətli döyüşlərdən biri kimi tarixə düşmüşdür.
Füzuli şəhəri və rayo­nun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfin­dən işğal olunmuşdur. Ermənistanın si­lahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuş, 181 nəfər əsir və itkin düş­müşdür.
Ulu Öndər Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli əmri ilə baş tutmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.
Azərbaycan Ordusu yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirərək, 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri daxil olmaqla, rayonun Qoçəhmədli, Çimən, Cuvar­lı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini işğaldan azad etdi. Vətən müharibəsi nəticəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
Bu tarixi qələbə 44 günlük şanlı savaşın gedişatında həlledi­ci mərhələlərdən biri idi!
Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.
Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.