“Zəfərə Gedən Yol: Xocalı” adlı tədbir keçirilib

24 fevral 2026-cı il tarixdə Kəngərli Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Zəfərə Gedən Yol: Xocalı” adlı tədbir keçirilib.
Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin Ərazi - təşkilat məsələləri sektorunun müdiri Ağa Seyidov, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının əməkdaşı Lalə Mədətova və partiyanın fəal üzvü, Qarabağlar kənd 2№-li tam orta məktəbin müəllimi Hacı Məmmədov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır soyqırımı cinayətlərindən biri olub. Qeyd edilib ki, bu faciə erməni şovinist-millətçilərinin azərbaycanlılara qarşı uzun illər həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı mərhələsidir.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı əsasında fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilib və bununla faciəyə ilk dəfə rəsmi siyasi qiymət verilib.
Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi Qələbə qazanaraq Xocalı qurbanlarının qisasını alıb, onların qanını yerdə qoymayıb.
Qeyd olunub ki, 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tam təmizlənib, 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Xocalıda üçrəngli Bayrağımızın dalğalanması tarixi ədalətin bərpa olunduğunu bir daha bütün dünyaya nümayiş etdirir.
Tədbirin sonunda isə Xocalı soyqırımına aid sənədli film nümayiş olunub.
jpg
jpg
jpg
jpg
jpg