Yeni dövrə doğru strateji addım

7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyev çıxış edərək bildirib ki, Türk Dövlətləri Təşkilatı bu gün artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzə çevrilib. Prezident Qırğız Respublikasına təşkilata uğurlu sədrliyə görə təşəkkür edib və vurğulayıb ki, qurumun beynəlxalq nüfuzunun artması böyük məmnunluq doğurur.
Dövlət başçısı qeyd edib ki, ortaq tarixi və etnik köklər, eləcə də müştərək milli-mənəvi dəyərlər türk dövlətlərini bir ailə kimi birləşdirir. Azərbaycan təşkilatın fəaliyyətinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb. İlham Əliyev vurğulayıb ki, üzv ölkələrdəki siyasi və iqtisadi sabitlik, əlverişli geostrateji mövqe, gənc və dinamik əhali, nəqliyyat-logistika imkanları, təbii resurslar və artan hərbi potensial Türk Dövlətləri Təşkilatını qlobal miqyasda önəmli aktora çevirir.
Prezident həmçinin qeyd edib ki, artıq TDT-nin rəsmi zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi zirvə görüşlərinin keçirilməsi də ənənə halını alıb. Onun sözlərinə görə, ötən il Şuşada baş tutan ilk qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə keçirilən görüş mühüm qərarlarla yadda qalıb.
Çıxışının davamında Prezident İlham Əliyev bildirib ki, sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. O, xatırladıb ki, TDT-nin əsas sənədi olan Naxçıvan Sazişində bu prinsiplər təşkilatın başlıca məqsədləri sırasında yer alır. Hazırkı qlobal təhlükəsizlik çağırışları fonunda, Şuşada qəbul edilən Qarabağ Bəyannaməsi və Qəbələdə keçirilən Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusunun aktuallığı nəzərə alınaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin əhəmiyyətini xüsusi vurğulayıb.