12 iyun 2025-ci il tarixində Kəngərli rayon Qıvraq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində “Yay mövsümü dövründə yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Tədbir Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Seminar-müşavirənin keçirilməsində məqsəd – qarşıdan gələn yay fəsli ilə əlaqədar taxıl biçini və tədarükü dövründə, taxıl, əkin - otlaq və yaşıllıq sahələrində baş verə biləcək yanğınların qarşısının alınması və bu istiqamətdə qabaqlayıcı tədbirlərin görülməsi olmuşdur.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin müvafiq vəzifəli şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və təsərrüfatçılar iştirak etmişlər.
Çıxışlarda yay aylarında yanğın təhlükələrinin artdığı, bu səbəbdən qabaqlayıcı tədbirlərin zəruriliyi vurğulanmış, həmçinin əhali ilə maarifləndirici işlərin aparılmasının vacibliyi qeyd olunmuşdur.
Müşavirənin sonunda iştirakçılara Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış “Daimi və texniki bitki örtüklərinin yanğın təhlükəsizliyinin təmin olunması”na dair təbliğat vəsaiti təqdim edilmişdir.