18 fevral 2026-cı il tarixdə Yurdçu kənd tam orta məktəbində Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Xocalı Soyqırımı: Tarixə yazılan qanlı səhifə" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə əvvəlcə Xocalı Soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Havva Əsədova və Yurdçu kənd tam orta məktəbinin müəllimi Aysel Mirzəyeva çıxış ediblər.
Çıxış edənlər vurğulayıb ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi.
Tədbirin sonunda məktəblilər Xocalı faciəsi ilə bağlı şeirlər səsləndirib, "Silinməz izlər - Xocalı" adlı sənədli film nümayiş etdirilib.