4 avqust 2025-ci il tarixdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhid Zaman Habil oğlu Məmmədovun doğum günü, doğulub boya-başa çatdığı Şahtaxtı kəndində, müqəddəs məzarı önündə qeyd olundu.
Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid anaları və şəhid ataları, qazilər, hərbçilər, polislər, kənd sakinləri iştirak etmişlər.
Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Əvvəlcə Dini icmanın sədri tərəfindən Qurani-Kərimdən ayələr oxunub.
Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək demişdir: Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasi liderliyi və rəşadətli Azərbaycan Ordusunun misilsiz şücaəti sayəsində otuz illik işğala son qoyuldu, tarixi ədalət bərpa edildi və üçrəngli bayrağımız azad edilmiş doğma torpaqlarımızda qürurla dalğalandı. Bu möhtəşəm Qələbə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə yanaşı, xalqımızın milli iradəsinin, sarsılmaz birliyinin və azadlıq əzminin təntənəsi oldu.
44 günlük Şanlı Vətən müharibəsində göstərilən qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq gələcək nəsillər üçün örnək, tariximiz üçün isə qürurverici bir səhifədir. Hər bir əsgər və zabitimiz Vətənin azadlığı uğrunda canından keçərək şərəfli bir dastan yazdı. Qələbənin əldə olunmasında müstəsna rol oynayan şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların qəhrəmanlığı heç zaman unudulmayacaqdır.
Mərasimdə həmçinin Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva, şəhid anaları və şəhid ataları, qazilər və hərbçilər çıxış etmişdir.
Sonda şəhidin müqəddəs məzarı ziyarət olunaraq üzərinə tər qərənfillər düzülmüş və şəhid yaxınları ilə xatirə fotoları çəkilmişdir.