Noyabrın 19-da Böyükdüz kənd tam orta məktəbində Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 oktyabr–20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşları Səfər Səfərov, Bəxtiyar Əsgərov və məktəbin direktoru Qılman Əhmədov çıxış edərək qeyd ediblər ki, “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü – 20 noyabr Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin təkmilləşdirilməsindən ibarətdir.
Çıxışlarda yeniyetmələr arasında narkotik və psixotrop maddələrin yayılmasının təhlükəli tendensiya olduğu vurğulanıb. Bildirildi ki, bu problemlə mübarizə yalnız hüquq-mühafizə tədbirləri ilə deyil, eyni zamanda maarifləndirmə və profilaktik fəaliyyətlə də aparılmalıdır. Gənclərin asudə vaxtının səmərəli təşkili, onların idman və mədəni fəaliyyətlərə yönləndirilməsi mühüm amillər kimi qeyd olundu. Psixoloji dəstəyin əhəmiyyəti, ailə və məktəb arasında əməkdaşlığın gücləndirilməsi, həmçinin gənclər arasında sağlam həyat tərzinin təbliği tədbirin əsas mesajlarından biri oldu. Çıxış edənlər bu istiqamətdə birgə fəaliyyətin vacibliyini xüsusi vurğuladılar.