“Hesab edirəm ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq. Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq - qonşularımızla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə, eyni zamanda, Avropa ölkələri ilə. Yəni, biz buna nail ola bilmişik, eyni zamanda, öz milli maraqlarımızı həmişə lazımi səviyyədə qoruyuruq və qoruyacağıq” - Prezident İlham Əliyev.
Həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.
Dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın təşəbbüsü ilə 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edilmişdir. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilmişdir. 18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. Qətnaməyə 126 BMT üzv dövləti həm-müəllif qismində qoşulub.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən aktiv və nüfuzlu üzvlərindən biridir. Azərbaycan son illərdə İƏT-in bir necə konfransına ev sahibliyi etmişdir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuş və həmin ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. ISESCO tərəfindən 5 min illik qədim tarixə malik Naxçıvan şəhəri 2018-ci il üçün, Şuşa şəhəri isə 2024-cü il üçün İslam mədəniyyətinin paytaxtı seçilmişdir. 2026-cı ildə isə ölkəmiz İslam Əməkdaşlıq Təşkilatına sədrlik edəcək. Sədrlik ölkəmizə 2026-cı ildə Azərbaycanda keçiriləcək İƏT-in 16-cı İslam Sammiti çərçivəsində ötürüləcək.
Azərbaycanın qlobal mədəniyyətlərarası dialoqun ünvanlarından birinə çevrilməsi ölkəmizin beynəlxalq statusunun və beynəlxalq tərəfdaşlarının sayının artmasına səbəb olmuşdur.
Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, UNESCO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilmişdir.
Azərbaycan “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır.
Ölkəmiz NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində 1994-cü ildən alyansın proqramlarında fəal iştirak edir. Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılır və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlıq mövcuddur. Silahlı Qüvvələrimiz Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarında iştirak edib, bu xüsusda ölkəmiz regional nəqliyyat və logistika mərkəzi kimi töhfələr verib, sülhməramlılarımız Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olublar. 2025-ci il 6-7 noyabr tarixlərində NATO-nun Şimali Atlantik Şurası (ŞAŞ) səfirlərindən ibarət nümayəndə heyəti ilk dəfə olaraq Azərbaycana səfər etmişlər.
Beynəlxalq əməkdaşlığın yeni formatı və etibarlılıq nümunəsi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bəyannaməyə əsasən tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir. Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və BMT, ATƏT, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.
Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Son iki il ərzində Prezident İlham Əliyevin TDT-yə üzv və müşahidəçi dövlətlərə 20-dən artıq səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. 2024-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Həmçinin 2025-ci il 21 mayda Budapeştdə TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilmiş, oktyabrın 7-də Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilmiş və bəyannamə imzalanmışdır.
“COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!”
Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. COP29-a 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçı qatılmışdır. Karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcəkdir. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir.
2024-cü il 19 dekabr tarixində Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı təşkilata üzv qəbul edilməsində Azərbaycanın namizədliyinə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindən dəstək göstərilməsi bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir. 3-4 iyul 2025-ci il tarixlərində Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həmçinin, 1 iyul tarixində Ağdamda İƏT Gənclər Forumu, 2 iyulda Laçında İƏT Qadınlar Forumu və 2 iyulda Şuşada 6-cı İƏT Biznes Forumu təşkil edilib.
Azərbaycan xalqının tarixi Qələbəsinin regionda formalaşmaqda olan yeni reallığın əsas səbəblərindən biri olduğunu dəfələrlə açıq şəkildə səsləndirən Prezident İlham Əliyev “Qərbi Azərbaycan” mövzusunu dövlət siyasəti ilə yanaşı, həm də regionumuzda formalaşan yeni reallığın ayrılmaz parçasına çevirmişdir. Təkcə 2025-ci il ərzində Qərbi Azərbaycan məsələsi Prezident İlham Əliyev tərəfindən beynəlxalq və yerli platformalardakı çıxış, müsahibə və görüşlərdə 9 dəfə, ümumiyyətlə isə 67 dəfə ən ali səviyyədə səsləndirmişdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2022-ci ildə Qərbi Azərbaycan İcmasının yaradılması və fəaliyyəti son bir neçə il ərzində ölkəmizin ictimai-siyasi həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri olmuşdur. Ölkəmizdə ali icra hakimiyyəti orqanı səviyyəsində Qərbi Azərbaycan məsələsi ilə bağlı qəbul edilən siyasi qərarlar, məhkəmə hakimiyyəti orqanı olan Baş Prokurorluq tərəfindən deportasiya və soyqırımı ilə bağlı başladılan cinayət işləri, eləcə də ilk dəfə Milli Məclisdə yaradılmış Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu məsələnin miqyasını daha da genişləndirmişdir.
Qərbi Azərbaycana sülhsevər qayıdışın konseptual əsaslarının yaradılmasına dair Prezidentin verdiyi tapşırığa uyğun hazırlanmış “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Qayıdış Konsepsiyası” soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı ilə bağlı fəaliyyətin əsasını təşkil etmişdir.
Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsində Asiya Parlament Assambleyasının, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, TürkPA-nın, İslam Əməkdaşlıq Təşkilatının rəsmi sənəd və qətnamələrinə Qərbi Azərbaycan məsələsi daxil edilmiş, məsələ BMT-nin Təhlükəsizlik Şurası, Baş Assambleya və İqtisadi və Sosial Şuranın 11 sənədində öz əksini tapmışdır.
Azərbaycanda, Türkiyədə, Belçikada, İordaniyada, Mərakeşdə Qərbi Azərbaycan məsələsi ilə bağlı beynəlxalq konfranslar keçirilmiş, Bakı və Ankara konfranslarının iştirakçılarına Prezident İlham Əliyev tərəfindən müraciətlər ünvanlamışdır.
Qərbi Azərbaycan məsələsi diplomatlarımız tərəfindən keçirilən görüşlərdə, UNESCO, ATƏT, Qoşulmama Hərəkatı, BMT-nin İnsan Hüquqları Şurasının sessiyalarında müzakirə mövzusu olmuş, Türkiyə, Belçika, Pakistan, Meksika, Əlcəzair, Rusiya, Özbəkistan, Xorvatiya, Ukrayna, İspaniya, Polşa, Avstriya, Macarıstan, Rumıniya, Çex Respublikası, Gürcüstan, Misir, Qazaxıstan, Koreya, Bolqarıstan, İordaniya, Tacikistan, Estoniya, Serbiya, Braziliya, Küveyt və Latviyadakı səfirliklərimiz, BMT və ATƏT yanında daimi nümayəndəliklərimiz Qərbi Azərbaycan məsələsini fəaliyyət göstərdikləri ölkələrdə tanıtmış, Pakistan, Gürcüstan, İtaliya, Xorvatiya, Braziliya, İspaniya, Bolqarıstan, Polşa, Küveyt, Misir, Tacikistanın radio, sayt və qəzetlərində Qərbi Azərbaycan məsələsi işıqlandırılmışdır.
İcma tərəfindən Ermənistanın və beynəlxalq təşkilatların həqiqətləri təhrif edən qərəzli hesabatları və qətnamələri ilə bağlı 339 bəyanat yaymışdır.
Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin vacib tərkib hissəsi olan Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəviyə çıxarılması Ermənistanın Qarabağla bağlı absurd iddialarının dəf edilməsində vacib rol oynamış, Qərbi Azərbaycan məsələsində ədalətin bərqərar olunmasına təkan vermiş, Ermənistanla münasibətlərin normallaşması prosesində insan hüquqları müstəvisində Azərbaycanın mövqeyini daha da gücləndirmişdir.
Azərbaycan-Ermənistan normallaşma prosesində tarixi nəticələr. 2025-ci il 7-8 avqust tarixlərində Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar olub. Səfər zamanı, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir. Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Sənəddə Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.
Səfər çərçivəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb. 2025-ci il noyabrın 30-da saat 23:59-da Minsk Prosesi və onun əlaqədar strukturlarının bağlanması yekunlaşdı.