18 sentyabr 2026-cı il tarixdə “Erkən nikah və onun fəsadları, valideynlərin hüquq və vəzifələri” mövzusunda Kəngərli rayon Yurdçu kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti Aparatının Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının sədri – məsul katib Səfər Səfərov, Kəngərli Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Asiman Novruzov, məktəbin təşkilatçısı Fatma Atayeva çıxış ediblər.
Çıxışlarda erkən nikahın səbəbləri və doğurduğu mənfi nəticələr barədə məlumat verilib, erkən nikah hallarının qarşısının alınmasında maarifləndirmə işlərinin əhəmiyyəti vurğulanıb. Həmçinin valideynlərin uşaqların hüquqlarının qorunması istiqamətində hüquq və vəzifələri barədə ətraflı məlumat çatdırılıb.
Tədbir zamanı şagirdlərə ailə dəyərlərinin qorunması, təhsilin davam etdirilməsinin vacibliyi, gələcəklə bağlı düzgün qərarların verilməsi və hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilib.