“Sülh Aylığı” çərçivəsində “Cəzadan azad edilmiş şəxslərin sosial adaptasiyası və məşğulluğu” mövzusunda tədbir keçirilib

Sentyabrın 18-də Kəngərli rayonunda cəzadan azad edilmiş şəxslərin cəmiyyətə reinteqrasiyası, sosial adaptasiyası və məşğulluğunun təmin olunması məsələlərinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Rüstəmov çıxış edərək cəzadan azad edilmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiyasının mühüm sosial məsələlərdən biri olduğunu qeyd edib. Bildirilib ki, şəxsin cəzasını çəkdikdən sonra normal həyata qayıtmasında məşğulluğun təmin olunması, peşə bacarıqlarının artırılması və sosial dəstək tədbirlərinə cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır.
Cəlil Rüstəmov dövlət tərəfindən bu kateqoriyadan olan şəxslərin məşğulluğunun təmin edilməsi üçün yaradılan imkanların onların sosial həyata uyğunlaşmasına və cəmiyyətə reinteqrasiyasına mühüm töhfə verdiyini vurğulayıb. O, keçmiş məhkumlara qarşı mənfi stereotiplərin aradan qaldırılmasının və onların cəmiyyətə qazandırılması üçün ikinci şansın verilməsinin vacibliyini diqqətə çatdırıb.
Dövlət Məşğulluq Agentliyinin Kəngərli Rayon Sektorunun müdiri Səxavət Həsənov çıxışında cəzadan azad edilmiş şəxslərin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən danışıb.
Tədbirdə iştirak edən cəzadan azad edilmiş şəxslər hazırda işlədikləri iş yerlərində fəaliyyətlərini uğurla davam etdirdiklərini bildiriblər. İşəgötürən və sahibkarlar isə bu kateqoriyadan olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək göstərməyə, dövlət tərəfindən yaradılmış imkanlardan və stimullaşdırıcı tədbirlərdən yararlanmaqla onların əmək bazarına inteqrasiyasına bundan sonra da fəal şəkildə töhfə verməyə hazır olduqlarını ifadə ediblər.
1
2