Şəhid Sabit Səfərovun xatirəsi anılıb

Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış Sabit Vaqif oğlu Səfərovun doğum günü münasibətilə doğulub boya-başa çatdığı Qarabağlar kəndində məzarı ziyarət olunaraq əziz xatirəsi böyük ehtiramla anılıb.
Ziyarət mərasimində Kəngərli Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, Sosial Xidmətlər Agentliyinin Kəngərli rayon sektorunun, Qarabağlar kənd İcra Nümayəndəliyinin əməkdaşları, Qarabağlar Bələdiyyəsinin sədri, Dini icmanın üzvü, eləcə də şəhidin ailə üzvləri iştirak ediblər.
Tədbir zamanı əvvəlcə şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə tər qərənfillər düzülüb. Çıxış edənlər Sabit Səfərovun vətən uğrunda göstərdiyi misilsiz igidlikdən, gənc nəsil üçün nümunə olan fədakarlığından söz açıblar. Bildirilib ki, onun kimi qəhrəmanlar sayəsində bu gün ölkəmizdə sülh və təhlükəsizlik bərqərar olub. Şəhidimizin ömür yolu, göstərdiyi rəşadət və Vətənə sədaqəti hər zaman hörmətlə xatırlanacaq, xalqımızın yaddaşında silinməz iz kimi qalacaq. Sabit Səfərovun timsalında bütün şəhidlərimizə olan ehtiramın sonsuz olduğu vurğulanıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.