Kəngərli rayonunun Qabıllı kəndində Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış leytenant İbrahim Mustafa oğlu Əliyevin doğum gününə həsr olunmuş anım mərasimi keçirilib.
Şəhidin müqəddəs məzarı önündə təşkil olunmuş tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid anaları və şəhid ataları, Vətən muharibəsi iştirakçıları, polislər, hərbçilər və kənd sakinləri iştirak ediblər.
Anım tədbiri Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dini İcmanın sədri tərəfindən Qurani-Kərimdən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib
Mərasimdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov ilk öncə şəhid leytenant İbrahim Əliyevin şərəfli ömür yolundan və döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs edib. İcra başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsi xalqımız üçün nə qədər əzizdirsə, torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin də xatirəsi hər zaman elə uca tutulacaq və qəlblərdə yaşayacaqdır.
Çıxışında dövlət tərəfindən şəhid ailələrinə göstərilən dəstəyə toxunan İcra başçısı, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Qələbənin Azərbaycan dövlətçiliyi üçün müstəsna əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən şəhid atası, Şəhid Ailələri İctimai Birliyinin sədri Mayis Gülməmmədov, şəhid anası və Milli Ordunun zabiti çıxışlarında şəhidlərimizin qanının yerdə qalmadığını, onların göstərdiyi fədakarlığın gələcək nəsillər üçün örnək olduğunu bildiriblər.
Tədbirdə məktəblilər şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər.
Sonda tədbir iştirakçıları Qabıllı kəndindəki şəhidlərin məzarlarını ziyarət edərək, onların üzərinə tər qərənfillər düzüb, bütün şəhidlərimizin ruhuna dualar oxuyublar.
Anım mərasimi şəhid ailələri ilə birlikdə xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.