Kəngərli rayonunun Qıvraq qəsəbəsində Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış leytenant Güloğlan Nurəddin oğlu Qədimovun şəhadətinin 5-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Şəhidin müqəddəs məzarı önündə təşkil olunmuş tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid anaları və şəhid ataları, Vətən muharibəsi iştirakçıları, polislər, hərbçilər və kənd sakinləri iştirak ediblər.
Anım mərasimi şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra dini icmanın sədri tərəfindən Qurani-Kərimdən ayələr oxunaraq şəhidlərin ruhuna dualar edilib.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov şəhid Güloğlan Qədimovun həyat və döyüş yolundan, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıq nümunələrindən bəhs edib. Qeyd olunub ki, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə şəhidlərimizin və qazilərimizin misilsiz fədakarlığı sayəsində mümkün olub. Çıxışda Vətən müharibəsində əldə olunan Qələbənin 5-ci ildönümünün əhəmiyyəti, işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri diqqətə çatdırılıb. Eyni zamanda, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi davamlı diqqət və qayğı xüsusi vurğulanıb. Çıxışda şəhid analarına və atalarına göstərilən yüksək hörmət və ehtiram diqqətə çatdırılıb.
Daha sonra şəhid valideynləri, Ali Məclisin deputatı qazi Təbriz Zeynalov və hərbçilər çıxış edərək şəhidlərin xatirəsinin daim uca tutulduğunu, onların qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğunu qeyd ediblər. Şəhid atası göstərilən diqqət və ehtirama görə minnətdarlığını ifadə edib.
Anım mərasiminin sonunda şəhidlərin məzarları önünə tər qərənfillər düzülərək ruhlarına dualar oxunub.Tədbir şəhid ailələri ilə birlikdə xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.