Şəhid Basid İdris oğlu Rüstəmovun xatirəsi ehtiramla anılıb

Kəngərli rayon Xok kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Basid İdris oğlu Rüstəmovun anım tədbiri keçirilib. Tədbir şəhidin müqəddəs məzarı önündə böyük ehtiramla qeyd olunub.
Tədbir iştirakçıları ilk olaraq bir dəqiqəlik sükutla bütün şəhidlərimizin əziz xatirəsini yad ediblər. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Dini icmanın sədri tərəfindən Qurani-Kərimdən ayələr oxuyub, şəhidlərimizin ruhuna dualar edilib.
Daha sonra Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək, şəhid Basid Rüstəmovun həyat yolundan və göstərdiyi misilsiz qəhrəmanlıqdan bəhs edib. İcra başçısı, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbənin əhəmiyyətini vurğulayıb, bu qələbənin şəhidlərimizin, qazilərimizin fədakarlığı sayəsində mümkün olduğunu diqqətə çatdırıb. Həmçinin, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışılıb, şəhidlərimizin sayəsində suveren və müstəqil ölkədə rahat yaşamağın dəyəri qeyd olunub. Başçı, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi daimi diqqət və qayğının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirib.
Tədbirdə şəhid ataları, kəndin ziyalıları çıxış edərək şəhidimizin və bütün şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını ifadə ediblər. Şagirdlər tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər söylənilib.
Şəhid Basid Rüstəmovun atası tədbir iştirakçılarına göstərilən diqqət və ehtirama görə dərin təşəkkürünü bildirib.
Sonda iştirakçılar Xok kəndində yerləşən bütün şəhidlərin məzarlarını ziyarət edərək, onların üzərinə tər qərənfillər düzüb, ruhlarına dualar oxuyublar.
Anım tədbiri şəhid ailələri ilə birlikdə xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
jpg
jpg
jpg
jpg