23 fevral 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Kəngərli Rayon İcra Hakimiyyəti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Qarabağlar kəndində "Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Komitə sədri ailə dəyərləri, qadınların sağlamlığı, ailədəki rolu və uşaqların tərbiyəsi üzərindəki təsirindən ətraflı bəhs edib və qeyd edib ki, Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşmasında, qorunmasında və inkişafında qadınların rolu əvəzsiz olmuşdur. Qadınlar yalnız ailənin əsas dayağı deyil, həm də cəmiyyətin mənəvi sütunlarından biridir. Tarix boyunca Azərbaycan qadını öz müdrikliyi, fədakarlığı və vətənpərvərliyi ilə xalqımızın inkişafında vacib rol oynamışdır. Ramilə Seyidova qeyd edib ki, Komitə fəaliyyət göstərdiyi dövrdə muxtar respublikanın bir çox kəndlərində əhalinin maarifləndirilməsi məqsədilə tədbirlər mütəmadi təşkil edilib. Bu tədbirlərin əsas məqsədi erkən nikah və qohum evlilik hallarının qarşısını almaq, uşaqların hüquqları barədə ictimai məlumatlılığı artırmaqdır. Həmçinin Ramilə Seyidova bildirib ki, təhsildən kənarda qalan uşaqların yenidən təhsil sisteminə cəlb olunması üçün də tədbirlər görülür, valideynlər və təhsil müəssisələrinin rəhbərləri ilə maarifləndirici görüşlər təşkil olunur. Bu görüşlər çərçivəsində uşaqların hüquqları, gender bərabərliyi və ailə dəyərləri ilə bağlı interaktiv müzakirələr və təlimlər həyata keçirilir.
Yerli icmalarla daimi əlaqələr qurularaq qadınların sosial problemləri yerindəcə öyrənilir və həlli ilə bağlı müvafiq tədbirlər görülür. Ramilə Seyidova çıxışının sonunda vurğulayıb ki, Komitə hər bir ailənin sağlam, təhlükəsiz və rifahlı mühitdə yaşaması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Klinik fənlər və hərbi tibb kafedrasının müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva "Qidalanmanın reproduktiv sağlamlığa təsiri" mövzusunda təqdimatla çıxış edərək iştirakçılara ətraflı məlumat verib. O, qeyd edib ki, reproduktiv sağlamlıq insan sağlamlığının əsas istiqamətlərindən biridir və sağlam nəslin formalaşmasında mühüm rol oynayır. Bu sahədə hormonal balans, reproduktiv orqanların funksiyası və ümumi bədən sağlamlığı bir-biri ilə sıx əlaqəlidir. Qidalanma isə bu mexanizmlərin düzgün işləməsində əsas amillərdən biridir. Çünki balanslı və düzgün qidalanma hormonal sistemin normal fəaliyyətini dəstəkləyir.
Həmçinin şəkərli və yüksək emal olunmuş qidaların həddindən artıq qəbulu insulin balansını poza bilər. Fast-food və trans yağların çox istifadəsi həm kişi, həm də qadınlarda reproduktiv göstəricilərin zəifləməsi ilə əlaqələndirilir.
Nəticə etibarilə, reproduktiv sağlamlıq yalnız tibbi müdaxilə ilə deyil, gündəlik həyat tərzi ilə də qorunur. Sağlam və balanslı qidalanma gələcək nəsillərin sağlamlığının təməlidir. Maarifləndirmə, düzgün qida seçimi və sağlam həyat tərzi reproduktiv problemlərin qarşısının alınmasında mühüm rol oynayır.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və müxtəlif mövzularda maarifləndirici broşürlər paylanılıb.