İşğaldan azad edildikdən sonra Qubadlı rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2025-ci il 9 sentyabr tarixində “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi şəhərin gələcək inkişafının planlı şəkildə təmin olunmasına mühüm zəmin yaradıb.
Baş plan çərçivəsində şəhərdə ilk yaşayış məhəlləsinin, Mahruzlu və Zilanlı kəndlərində yaşayış evlərinin tikintisi, elektrik enerjisi və rəqəmsal infrastrukturun inkişafı, həmçinin Qubadlı–Eyvazlı və Qubadlı–Laçın avtomobil yollarının inşası istiqamətində işlər aparılır. Şəhərdə 21 yaşayış binasından və 176 mənzildən ibarət ilk yaşayış kompleksinin tikintisi davam etdirilir. Mahruzlu kəndində ilkin mərhələdə 190, Zilanlı kəndində isə 159 evin tikintisi və əhalinin məskunlaşdırılması nəzərdə tutulur.
Qubadlının dayanıqlı enerji təminatı məqsədilə 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyası istifadəyə verilib, rayonun ümumi enerji sisteminə qoşulması təmin edilib. Yeni avtomobil yollarının tikintisi isə rayonun nəqliyyat əlaqələrinin genişləndirilməsinə, sosial-iqtisadi inkişafına və digər ərazilərlə bağlantısının gücləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyevin azad edilmiş Qubadlıya səfərləri zamanı yaşayış məhəlləsinin, məktəbin, xəstəxananın, inzibati binaların, kəndlərin və digər infrastruktur obyektlərinin təməli qoyulub, mühüm layihələrin icrasına başlanılıb.
Bütün bu tədbirlər Qubadlının müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasına, əhalinin doğma torpaqlarına qayıdışına, rahat yaşayış şəraitinin yaradılmasına və rayonun iqtisadi potensialının bərpasına xidmət edir. Qubadlı bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış və yenidənqurma prosesinin mühüm istiqamətlərindən biri kimi yeni inkişaf mərhələsinə qədəm qoyur.