Qıvraq qəsəbəsində payızlıq şum və taxıl əkini sahələrinin artırılmasına dair maarifləndirici tədbir keçirilib

Oktyabrın 7-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində rayonun Qıvraq qəsəbəsi, Şahtaxtı, Yurdçu və Qabıllı kəndlərinin torpaq mülkiyyətçilərinin iştirakı ilə payızlıq şum və taxıl əkini sahələrinin artırılmasına dair maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev giriş sözü ilə çıxış edərək kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlərin fermerlər üçün mühüm əhəmiyyət daşıdığını bildirmiş, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini vurğulamış,taxıl əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığının artırılması ilə bağlı tövsiyələrini vermişdir.
Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həbib İbrahimov çıxış edərək aqrar sahədə tətbiq olunan yeniliklər, subsidiya mexanizmləri və payızlıq əkinlərin düzgün təşkili ilə bağlı iştirakçıları məlumatlandırıb.
Tədbirdə Azərbaycan Aqrar Subsidiya Şurasının müəyyən etdiyi yeni əmsalların tətbiqi, əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) düzgün bəyan olunmasının əhəmiyyəti, texnika və avadanlıqların lizinq şərtləri, həmçinin torpaq analizlərinin aparılmasının məhsuldarlığın artırılmasında rolu barədə məlumat verilib.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzularla bağlı fermerlərə ətraflı izahatlar və müvafiq tövsiyələr verilib.
1
1
1