Qarabağlar kəndində 100 yerlik yeni məktəbəqədər təhsil müəssisəsi tikiləcək

Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2026-cı il 12 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil müəssisələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçiriləcək.
Sərəncamla Naxçıvan Muxtar Respublikasında ümumilikdə 640 yerlik 5 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 20 milyon manat vəsait ayrılıb.
Nəzərdə tutulan yeni məktəbəqədər təhsil müəssisələrindən biri də Kəngərli rayonunun Qarabağlar kəndində inşa olunacaq. Belə ki, Qarabağlar kəndində 100 yerlik yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi nəzərdə tutulub.
Bu mühüm addım təhsil infrastrukturunun daha da gücləndirilməsinə, məktəbəqədər təhsilin əlçatanlığının artırılmasına və uşaqların müasir standartlara uyğun şəraitdə təlim-tərbiyə almasına yeni imkanlar yaradacaq.