Prezident İlham Əliyevin Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibə

"Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir.
Prezident Trampla görüşümüz çox səmimi şəkildə və dostluq şəraitində keçdi. Bir çox önəmli məsələlər müzakirə edildi. Eyni zamanda, bildiyiniz kimi, Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılmışdır və əlbəttə ki, bu sənədin böyük əhəmiyyəti var. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Yəni, sadəcə olaraq, bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır və artıq mənim göstərişimlə Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Biz öz təkliflərimizi irəli sürəcəyik. Artıq mənim səfərim çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirilmişdir. Yəni, biz vaxt itirmək istəmirik. Onsuz da əvvəlki administrasiya dövründəki dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik. Xüsusilə cənab Trampın və onun administrasiyasının nümayəndələrinin - komandasının Azərbaycana olan müsbət münasibətini, yəqin ki, tamaşaçılar da bizim keçirdiyimiz görüşlərdən və mətbuat konfransındakı ab-havadan hiss ediblər.
Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq. Bu xoş münasibət, əlbəttə ki, çox önəmli bir amildir. Bu nöqteyi-nəzərdən səfərin çox böyük əhəmiyyəti var. Bu, Prezident Trampla mənim birinci görüşümdür. Yenə də demək istəyirəm ki, görüş çox səmimi şəkildə keçdi. Onun Azərbaycanla bağlı olan bilgiləri, sözün düzü, məni təəccübləndirdi. O, bir çox məsələləri dərindən bilir. Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın Amerika Birləşmiş Ştatlarına həmişə dost ölkə olmasını cənab Tramp çox yaxşı bilir. Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq. Təbii ki, 907-ci düzəlişin ləğv olunması, hesab edirəm ki, tarixi hadisədir. Artıq strateji əməkdaşlıq formatına başlamağımız da hesab edirəm ki, tarixi hadisədir. Ona görə mən səfərin nəticələrindən çox məmnunam və əminəm ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək.
Cənab Trampla ilk görüşümüz çox xoş və nəticəyönümlü keçdi. Mən cənab Trampla əvvəlki prezidentlik müddətində tanış olmuşam. Bu altı ay ərzində də, əlbəttə ki, mənim barəmdə öz komandası ilə tanış idi və bizim münasibətimiz həmişə müsbət olub. Keçən il biz onu dəstəklədik, bu, doğrudur. Yəni, bu insan Azərbaycan xalqı kimi ailə dəyərlərinə sadiqdir. Bu gün mətbuat konfransında dediyim kimi, bu altı ay ərzində o, Asiyada, Afrikada, Cənubi Qafqazda mümkünsüz görünən işləri gördü və sübut etdi ki, bu şəxs məhz real nəticələrə nail olur.
Mən cənab Trampla şəxsi münasibətlərimizi yüksək dəyərləndirirəm. Ümid edirəm ki, növbəti illərdə bu münasibətlər ölkələrimiz arasında olan dövlət münasibətlərinə də müsbət təsir edəcəkdir. Əlbəttə, eyni zamanda, bu ədalətsiz düzəlişin ləğv edilməsi və bunun məhz öz ofisində mənim iştirakım ilə etmək çox bir rəmzi xarakter daşıyır. Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o, mənim iştirakım ilə bunu etməyə qərar vermişdi."
jpg