Prezident İlham Əliyevin 2025-ci il aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibə

Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Sədr Si ilə sonuncu dəfə iyul ayında keçirilən görüş ikitərəfli münasibətlərdə mühüm hadisəyə çevrilib və əlaqələr daha yüksək səviyyəyə çatıb. Altı ildən sonra yenidən Çinə səfər etdiyini qeyd edən dövlət başçısı, bu illər ərzində bir sıra beynəlxalq tədbirlər çərçivəsində də Sədr Si ilə görüşmək imkanı tapdığını vurğulayıb.
İyul ayında Strateji Tərəfdaşlıq Haqqında Bəyannamənin imzalanmasını xatırladan Prezident İlham Əliyev, bu dəfə səfər zamanı Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın imzalandığını və bununla da münasibətlərin daha yüksək mərhələyə qalxdığını bildirib. Səfər çərçivəsində, müxtəlif sahələri əhatə edən 20-dən artıq sənədin imzalanması da münasibətlərin dərinləşməsinin göstəricisi kimi qiymətləndirilib.
Prezident Çinə dövlət səfərinə dəvət olunmaqdan böyük şərəf duyduğunu, burada qarşılanan yüksək səviyyəli qonaqpərvərliyi, dostluq mühitini və müzakirələrin məhsuldarlığını yüksək dəyərləndirib.
Müsahibəsində Prezident İlham Əliyev vurğulayıb ki, Çinə hər səfərində ölkənin sürətli inkişafını və böyük dəyişikliklərini heyranlıqla müşahidə edir. O, infrastruktur sahəsindəki nailiyyətləri, şəhərlərin gözəlləşməsini xüsusi qeyd edib və Çin rəhbərliyini sosial-iqtisadi sahədə əldə olunan uğurlar, eləcə də beynəlxalq nüfuzunun artması münasibətilə təbrik edib.
Prezident qeyd edib ki, Çinə ilk səfəri 2005-ci ildə baş tutub və bu dövr ərzində ölkənin keçdiyi inkişaf yolunun canlı şahididir. O, Çinin düzgün istiqamətdə irəlilədiyini, əldə olunan nəticələrin bunu sübut etdiyini bildirib.
İlham Əliyev əlavə edib ki, imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat ikitərəfli münasibətlərin geniş və dərin gündəliyini təsdiqləyir və ölkələr milli maraqlarla bağlı məsələlərdə bir-birinə daim dəstək göstərirlər.