Prezident İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri zamanı bildirdi ki, bu gün kəlbəcərlilər üçün tarixi gündür. 32 ildən sonra doğma yurdlarına qayıdan sakinləri ürəkdən təbrik edən dövlət başçısı qeyd etdi ki, Azərbaycan haqq-ədaləti bərpa edib və xalqımızın iradəsi, torpağa bağlılığı sayəsində bu günə gəlinib.
Onun sözlərinə görə, Kəlbəcər şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Artıq ilk yaşayış kompleksində sakinlər evlə təmin olunub, yeni komplekslərin də təməli qoyulub. “Böyük Qayıdış” Proqramı çərçivəsində dörd yaşayış massivində 10 mindən çox insan üçün mənzillərin inşası planlaşdırılır. Prezident vurğuladı ki, şəhərə işıq, su, qaz xətləri çəkilib, yollar salınıb, ərazi minalardan təmizlənib. Hazırda məktəb binası tikilir və gələn il istifadəyə veriləcək, amma bu il kəlbəcərli uşaqlar modul tipli məktəbdə təhsil alacaqlar.
Dövlət başçısı xatırlatdı ki, 2023-cü ilin 19-20 sentyabrı da 8 noyabr qədər şərəfli və tarixi günlər sırasındadır. O tarixdən etibarən Azərbaycan xalqı sülh şəraitində yaşayır və bundan sonra da belə olacaq. Prezident bildirdi ki, Ermənistanla normallaşma prosesi demək olar ki, yekunlaşıb, imzalanmış sənədlər Azərbaycanın maraqlarını tam şəkildə təmin edir. Minsk qrupunun da artıq siyasi səhnədən silindiyini qeyd edən Prezident dedi ki, Ermənistanla sülh sazişinin əsas müəllifi də Azərbaycandır.
O həmçinin vurğuladı ki, imzalanmış razılaşmalar Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru bağlantını təmin edir. Bu məsələ 2020-ci ildən bəri gündəlikdə saxlanılırdı və Azərbaycan nəhayət məqsədinə çatdı. Prezidentin sözlərinə görə, yaxın illərdə dəmir yolu və avtomobil yolları vasitəsilə əsas torpaqdan Naxçıvana getmək mümkün olacaq. Bu bağlantı həm də beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək və Azərbaycanın strateji əhəmiyyətini daha da artıracaq. Hazırda Zəngilana qədər dəmir yolunun inşası davam edir və gələn il başa çatacaq. Naxçıvan dəmir yolu da tam müasirləşdiriləcək, Ermənistan isə öz ərazisində yolun çəkilişini üzərinə götürüb. Bu uğuru Prezident növbəti tarixi nailiyyət adlandırdı.