Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində Azərbaycan–Mərkəzi Asiya əlaqələrinin strateji əhəmiyyətindən danışıb.
Prezident bildirib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri vahid tarixi, mədəni və geosiyasi məkan formalaşdırır. Xəzər dənizi bu ölkələri ayıran yox, əksinə birləşdirən böyük strateji amildir.
Dövlət başçısı son illərdə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində fəal iştirakından söz açaraq vurğulayıb ki, bu platforma bölgədə siyasi, iqtisadi, nəqliyyat, enerji, investisiya və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələyə keçməsinə imkan yaradır.
Prezident qeyd edib ki, Azərbaycan region ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Son üç ildə Mərkəzi Asiya liderlərinin Azərbaycana 30-a yaxın səfəri, eyni zamanda dövlət başçısının qardaş ölkələrə 13 səfəri bu münasibətlərin yüksək səviyyəsinin göstəricisidir.
Müsahibədə Özbəkistanın Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiq olduğu da xüsusi vurğulanıb. Ortaq köklər, dil, mədəniyyət və mənəvi dəyərlər bu münasibətləri daha da gücləndirir.
İlham Əliyev həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə möhkəm dostluq və etimad münasibətlərinin iki ölkə arasında strateji tərəfdaşlığın inkişafında mühüm rol oynadığını bildirib. Son dövrdə qarşılıqlı dövlət səfərləri zamanı imzalanan mühüm sənədlər — Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə və 2025–2029-cu illəri əhatə edən “Yol Xəritəsi” əməkdaşlığı daha da genişləndirib.