Prezident bildirib ki, kənd təsərrüfatı sahəsinə daim böyük diqqət göstərilib. O qeyd edib ki, 2004-cü ildə Prezident seçildikdən sonra ilk təşəbbüslərdən biri Regional İnkişaf Proqramı olub və həmin proqramın əsas istiqamətlərindən biri kənd təsərrüfatının inkişafı idi. 2004-cü ilin əvvəlində qəbul edilmiş ilk beşillik proqram bir çox problemlərin həllinə kömək edib, daha sonra isə bir neçə beşillik regional inkişaf proqramı qəbul olunub.
Dövlət başçısı vurğulayıb ki, həyata keçirilən proqramlar nəticəsində regionlar inkişaf edib, məşğulluq artıb və böyük infrastruktur layihələri icra olunub. Onun sözlərinə görə, həmin dövrdə bölgələrdə qaz təchizatı demək olar ki, yox idi, elektrik təminatında həm regionlarda, həm də Bakıda ciddi problemlər yaşanırdı, avtomobil yolları yararsız vəziyyətdə idi, su təchizatı isə demək olar tamamilə tükənmişdi. Həyata keçirilən layihələr kəndlərin dirçəldilməsində və insanların yaşayış səviyyəsinin yaxşılaşdırılmasında mühüm rol oynayıb.
Prezident bildirib ki, işğaldan azad edilmiş ərazilər istisna olmaqla, ölkədə qazlaşmanın səviyyəsi 96 faizə çatıb. Elektrik təchizatı ilə bağlı problemlər tam aradan qaldırılıb və Azərbaycan artıq enerji ixrac potensialına malik ölkəyə çevrilib. Taxtakörpü, Şəmkirçay, Göytəpə və digər iri su anbarlarının tikildiyini, kanalların yenidən qurulduğunu və bu prosesin davam etdiyini deyən dövlət başçısı qeyd edib ki, bütün bunlar kənd təsərrüfatının inkişafına ciddi təkan verib. Eyni zamanda üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq və digər sahələr üzrə dövlət proqramlarının qəbul olunduğunu və bu istiqamətlərə böyük dəstək göstərildiyini bildirib.
Prezident subsidiya mexanizmlərinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, kənd təsərrüfatında genişmiqyaslı və çoxçeşidli subsidiya sistemi tətbiq edir. Gübrə və yanacaq güzəştlərinin verildiyini, fermerlərə metodiki tövsiyələrin təqdim olunduğunu və güzəştli kreditlərin ayrıldığını diqqətə çatdırıb.
Dövlət başçısı pambıqçılıq sahəsində görülən işlərə toxunaraq bildirib ki, vaxtilə hektardan cəmi 1 ton, yəni 10 sentner məhsul götürülürdü və pambıq istehsalı 20 min tona düşmüşdü. Aparılan islahatlar nəticəsində isə hazırda pambıq istehsalı 360 min tondan çoxdur. Baramaçılığın da demək olar ki, sıradan çıxdığını, lakin dövlət dəstəyi nəticəsində yenidən bərpa olunduğunu və ipəkçiliyin inkişaf etməyə başladığını bildirib.
Prezident qeyd edib ki, buna baxmayaraq son dövrlərdə kənd təsərrüfatında müşahidə olunan dinamika onu qane etmir. Bu səbəbdən Prezident Administrasiyasına və Hökumətə kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramının hazırlanması barədə göstəriş verilib. Yeni proqramın həm dövlət investisiyalarını, həm də özəl sektorun cəlb ediləcək sərmayələrini əhatə edəcəyini bildirib.
Dövlət başçısı çıxışında dünyada baş verən müharibələrin, münaqişələrin, nəqliyyat zəncirlərinin qırılmasının, enerji böhranının və yanacaqla bağlı çətinliklərin kənd təsərrüfatına mənfi təsir göstərdiyini deyib və hər bir ölkənin ərzaq təhlükəsizliyi barədə düşünməsinin vacibliyini vurğulayıb.
Prezident urbanizasiya məsələsinə də toxunaraq bildirib ki, məqsəd kəndlərdən şəhərlərə deyil, şəhərlərdən kəndlərə qayıdış prosesini təmin etməkdir. Bunun üçün kəndlə şəhər arasındakı fərqlərin azaldılmasının vacibliyini qeyd edib. Regional İnkişaf Proqramlarının əsas məqsədinin bölgələrdə elə şərait yaratmaq olduğunu deyib ki, insanlar doğma torpaqlarında yaşasın, işləsin və ənənəvi fəaliyyət sahələri ilə məşğul olsunlar.
Prezident qeyd edib ki, Regional İnkişaf Proqramları çərçivəsində sosial infrastruktur layihələri də uğurla icra olunub. Rayon mərkəzlərində və şəhərlərdə müasir xəstəxanalar tikilib, məktəb tikintisi geniş vüsət alıb. 4 mindən çox məktəbin təxminən 80-85, hətta 90 faizinin təmir edildiyini və ya yenidən tikildiyini bildirib.
Dövlət başçısı kənd təsərrüfatında son illərdə müşahidə olunan durğunluğun narahatlıq doğurduğunu bildirib və qeyd edib ki, hazırlanacaq yeni Dövlət Proqramı bu sahədə yeni dönüş yaradacaq. Özəl sektor nümayəndələrinin proqramın icrasında xüsusi rol oynamalı olduğunu, sahibkarların kənd təsərrüfatına daha çox sərmayə yatırmasının vacibliyini vurğulayıb. Bunun üçün güzəştli kreditlərdən və digər mexanizmlərdən istifadə olunacağını bildirib.
Prezident xarici investorların da kənd təsərrüfatına cəlb edilməsinin vacibliyini qeyd edib və Azərbaycanın beynəlxalq nüfuzunun yüksək olduğunu, bir çox xarici şirkətin Azərbaycanla əməkdaşlıq etmək istədiyini bildirib.
Çıxış zamanı kənd təsərrüfatı məhsulları üzrə özünü təminetmə göstəricilərinə də toxunulub. Prezident bildirib ki, buğda üzrə özünü təminetmə səviyyəsi 55 faizdir. Daxili istehsal 1 milyon 573 min ton, idxal isə 1 milyon 267 min tondur. Digər dənli məhsullar üzrə təminat səviyyəsinin 95 faiz olduğunu, daxili istehsalın 23 min ton, idxalın isə 15 min ton təşkil etdiyini bildirib.
Kartof üzrə özünü təminetmə səviyyəsinin 91 faiz olduğunu, 160 min ton idxal və 71 min ton ixrac həyata keçirildiyini deyib. Tərəvəz istehsalının 1 milyon 770 min ton olduğunu, özünü təminetmə səviyyəsinin 107 faiz təşkil etdiyini və 214 min ton ixrac edildiyini bildirib. Bostan məhsullarının istehsalının 460 min ton olduğunu, idxalın demək olar ki, olmadığını və 18 min ton ixrac həyata keçirildiyini qeyd edib.
Meyvə və giləmeyvə üzrə təminat səviyyəsinin 140 faiz olduğunu, istehsalın 1 milyon 400 min ton təşkil etdiyini və ixracın təxminən 600 min tona yaxın olduğunu deyib. Qoz-fındıq istehsalının 84 min ton olduğunu, 30 min ton ixrac edildiyini və Azərbaycanın bu sahədə dünyada 3-4-cü yerlərdə qərarlaşdığını bildirib. Üzüm istehsalının 211 min ton olduğunu, təminat səviyyəsinin 92 faiz təşkil etdiyini, 28 min ton idxal və 10 min ton ixrac həyata keçirildiyini qeyd edib.
Prezident bildirib ki, mal əti üzrə özünü təminetmə səviyyəsi 84 faizdir, daxili istehsal 150 min ton, idxal isə 30 min tondur. Quş əti üzrə 82 faiz təminat səviyyəsi ilə 147 min ton istehsal və 32 min ton idxal qeydə alınıb. Qoyun-keçi əti üzrə təminat səviyyəsi 94 faizdir, istehsal 88 min ton, idxal isə 5 min tondur.
Yumurta istehsalının 2 milyard 340 min ədəd olduğunu, idxala ehtiyac olmadığını və 90 milyon ədəd ixrac həyata keçirildiyini bildirib. Balıq və balıq məhsulları üzrə təminat səviyyəsinin 81 faiz olduğunu, 23 min ton idxal və 7 min ton ixrac edildiyini deyib.
Bitki yağları üzrə özünü təminetmə səviyyəsinin 52 faiz olduğunu, 56 min ton istehsal və 62 min ton idxal həyata keçirildiyini qeyd edib. Kərə yağı üzrə təminat səviyyəsinin 62 faiz olduğunu, 26 min ton istehsal, 20 min ton idxal və 4 min ton ixrac qeydə alındığını bildirib.
Çay üzrə təminat səviyyəsinin 86 faiz olduğunu, 11 min ton istehsal, 2,5 min ton idxal və min tona yaxın ixrac həyata keçirildiyini deyib. Duz üzrə ölkənin özünü tam təmin etdiyini, 80 min ton istehsal və 20 min ton ixrac olduğunu qeyd edib.
Un istehsalının 1 milyon 364 min ton olduğunu, təminat səviyyəsinin 95 faiz təşkil etdiyini, 95 min ton idxal və 28 min ton ixrac həyata keçirildiyini bildirib. Makaron məmulatları üzrə daxili istehsalın 34 min ton, idxalın 18 min ton, ixracın isə 14 min ton olduğunu və ümumi təminat səviyyəsinin 89 faiz təşkil etdiyini deyib. Şəkər üzrə isə özünü təminetmə səviyyəsinin 102 faiz olduğunu və 96 min ton ixrac həyata keçirildiyini vurğulayıb.
Prezident qeyd edib ki, iqlim dəyişiklikləri və son dövrlərdə müşahidə olunan intensiv yağıntılar müəyyən fəsadlar törətsə də, su ehtiyatlarının artmasına müsbət təsir göstərib. Anbarlarda toplanan su ehtiyatlarının bu il kənd təsərrüfatında su probleminin yaranmamasına imkan verəcəyini bildirib.