Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib ki, avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma Ermənistan–Azərbaycan qarşıdurmasının sonunu göstərir. O xatırladıb ki, 1990-cı illərdə Ermənistanın xarici dəstəklə Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkə ərazisinin 20 faizi itirilmiş, bir milyon insan qaçqın və məcburi köçkün olmuşdu.
1994-cü ildən sonra danışıqlar nəticəsiz qaldı və yalnız 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını azad etdi. Dövlət başçısı qeyd edib ki, məhz Azərbaycan sülh təşəbbüsü ilə çıxış edib, sülh sazişi layihəsini təqdim edib və Vaşinqtonda paraflanan sənəd də Azərbaycanın mövqeyinə əsaslanır.
Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq.
Prezident İlham Əliyev həmçinin qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistanda heç bir qaçqın və ya məcburi köçkün olmayıb, çünki Azərbaycan onların torpaqlarını işğal etməmişdi.
O bildirib ki, məcburi köçkünlərin illərlə ağır şəraitdə yaşamasına baxmayaraq, işğal dövründə belə köçürülmə proqramı həyata keçirilib. Prezident seçildiyi vaxtdan çadır düşərgələrinin ləğvi prosesinə başlanılıb və bu iş 2007-ci ildə tamamilə başa çatdırılıb.
Hazırda isə “Böyük Qayıdış” Proqramı icra olunur. Artıq 50 mindən çox insan azad olunmuş torpaqlara köçürülüb və bu proses davam etdirilir.