Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxış edib.

Prezident çıxışında bildirib ki, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Rəqəmsal inkişaf məsələsi bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi, gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.
Prezident qeyd edib ki, Azərbaycanın bir çox üstünlükləri var. Onlardan biri coğrafi vəziyyətidir. Neft-qaz və bağlantılar sahəsində böyük təcrübəmiz, beynəlxalq şirkətlərlə əlaqələrimiz və bir çox ölkələrlə nəhəng layihələri icra etməyimiz mühüm üstünlüklərdir. Bu layihələr bilik, bacarıq, texniki keyfiyyətlər və geniş beynəlxalq əlaqələr tələb edir. Azərbaycan öz qonşuları ilə müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələri icra edib. Yəni bu sahədə həm təcrübəmiz, həm də artıq yaradılmış platformalarımız var.
Nəqliyyat və energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir. Bu istiqamətdə müəyyən işlər görülüb. Neft-qaz kəmərləri tikilən zaman bu məsələ də öz həllini tapıb. Ancaq bu, bugünkü tələblərə cavab vermir. Ona görə rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin yaradılması istiqamətində təşəbbüslər ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir.
Prezident enerji sahəsində əldə olunan nailiyyətləri də vurğulayıb. Son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artaraq 10 min meqavata çatıb. Qaz, hidro, Günəş və külək elektrik stansiyaları Azərbaycan reallıqlarını müəyyən edir. Hazırda ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir.
Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir və onları dünya bazarlarına da çıxarır. Bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız var və generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq. Bununla yanaşı, sənayenin inkişafı, əhalinin artımı və qeyri-neft sektorunun yüksəlişi enerji tələbatını artırır.
Fiber-optik bağlantılar sahəsində də işlər davam etdirilir. Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabel layihəsi icra edilir və yaxın zamanda başa çatdırılması nəzərdə tutulur.
Prezident bildirib ki, transmilli böyük şirkətlərlə iş təcrübəsi, müsbət investisiya iqlimi və son 20 il ərzində iqtisadiyyata yatırılmış 350 milyard dollardan çox sərmayə Azərbaycanın üstünlükləridir. Xarici və yerli sərmayələrin qorunması ölkənin inkişafını müəyyən edən əsas amillərdəndir. Azərbaycan Dövlət Neft Fondu vasitəsilə qlobal maliyyə qurumları ilə sıx əməkdaşlıq mövcuddur və rəqəmsal sahəyə investisiyaların cəlb olunması istiqamətində konkret layihələr üzərində iş aparılır.
Prezident qeyd edib ki, Çin Xalq Respublikası ilə imzalanmış hərtərəfli Strateji Tərəfdaşlıq sənədi və digər aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq formatı ölkənin mühüm üstünlüyüdür.
Müşavirədə vurğulanıb ki, rəqəmsal inkişaf sahəsində dövlət qurumları arasında sıx koordinasiya aparılmalıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qısa müddətdə tədbirlər planı hazırlamalı və təqdim etməlidir. Hər bir dövlət qurumunda rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxs müəyyən edilməlidir.
Dövlət xidmətləri “mygov” üzərindən vahid mərkəzdə həyata keçirilməlidir. Mövcud platformalar tədricən birləşdirilməli və vətəndaşlara bütün xidmətlər bir ünvandan təqdim olunmalıdır.
Kadr hazırlığı əsas vəzifələrdən biridir. Ali təhsil müəssisələrində və xaricdə təhsil alan tələbələr bu ixtisas üzrə peşəkarlığını artırmalıdır. Orta məktəblərdə də ilkin biliklərin aşılanması üçün tədris proqramında dəyişikliklər edilməlidir.
Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Özəl sektora dəstək mexanizmləri hazırlanmalı, kibertəhlükəsizlik sahəsinə xüsusi diqqət yetirilməlidir. Mövcud Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılmalıdır.
Prezident vurğulayıb ki, bu istiqamətdə dünyanın aparıcı şirkətləri ilə əlaqələr daha da gücləndirilməli və Azərbaycanın üstünlükləri xarici tərəfdaşlara aydın şəkildə çatdırılmalıdır.
jpg
jpg