İlham Əliyev Milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edib. Qeyd olunub ki, bu qələbə bütün xalqımızı sevindirib. Azərbaycan güləşçiləri bir daha sübut ediblər ki, onlar Avropada liderdirlər. Komanda hesabında birinci olmaq, şübhəsiz ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, hazırda həm dünyada, həm də Avropada güləş üzrə rəqabət daha da gərginləşib, müxtəlif ölkələrin tanınmış idmançıları yüksək nəticələr göstərirlər.
Prezident bildirib ki, bəzi yarışları şəxsən izləyib və Azərbaycan idmançılarının peşəkarlıq nümayiş etdirərək rəqiblərini ədalətli mübarizədə məğlub etdiklərinin şahidi olub.
Dövlət başçısı çıxışında vurğulayıb ki, Azərbaycan güləşinin zəngin ənənələri var və bu ənənələr uğurla davam etdirilir. O qeyd edib ki, tanınmış idmançılarla yanaşı, gənc güləşçilər də yüksək nəticələr əldə edirlər ki, bu da məşq və seleksiya prosesinin düzgün qurulduğunu göstərir. Prezident federasiyanı, məşqçiləri və xüsusilə idmançıları təbrik edib.
Qeyd olunub ki, Azərbaycan bayrağı qaldırılarkən xalqımız böyük qürur hissi keçirir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir.
Prezident diqqətə çatdırıb ki, tanınmış idmançılar və Olimpiya çempionları bu gün federasiyalarda və məşqçi heyətində təmsil olunurlar. Vaxtilə onların çıxışlarını izlədiyini qeyd edən dövlət başçısı bildirib ki, bu gün onların yetirmələri yeni uğurlara imza atırlar. Nəsillər dəyişsə də, Azərbaycan idmanı inkişaf edir və yeni zirvələr fəth edir.
O əlavə edib ki, federasiyalar, xüsusilə bölgələrdə gənc idmançıların cəlb olunması istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər. Ölkənin hər bölgəsində Olimpiya İdman komplekslərinin və güləş zallarının mövcudluğu gələcək uğurlar üçün geniş imkanlar yaradır.
Azərbaycan idmanının ümumi inkişafından danışan Prezident qeyd edib ki, idmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil edirlər. Uğurlarla yanaşı məğlubiyyətlərin də olduğunu vurğulayan dövlət başçısı bildirib ki, əsas məsələ qələbə əzminin qorunmasıdır. Udmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
Prezident İlham Əliyev idmançılarla görüşlərin müntəzəm xarakter daşıdığını qeyd edərək, təxminən 30 ilə yaxındır Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyini bildirib. Bu müddət ərzində idmanın dayanıqlı inkişafının, uğurların ardıcıllığının və yeni nəslin yetişməsinin şahidi olduğunu vurğulayıb.
Bildirilib ki, Azərbaycan beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübəyə malikdir və ölkəmiz bir sıra mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Xüsusilə Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi nüfuzlu yarışların yüksək səviyyədə təşkili bunu bir daha sübut edir. Bu oyunlar miqyas və təşkilatçılıq baxımından Yay Olimpiya Oyunlarına yaxın səviyyədə qiymətləndirilir. Həmçinin qeyd olunub ki, ötən il MDB Oyunları paytaxtdan kənarda, bölgələrdə uğurla keçirilib. Bu isə ölkədə güclü idman potensialının mövcudluğunu və idmana dövlət qayğısının prioritet olduğunu göstərir. Vurğulanıb ki, idmançılar da bu diqqəti aydın şəkildə görür və hiss edirlər.
Avropa çempionatında qazanılan tarixi qələbədən bəhs edən dövlət başçısı xüsusi qeyd edib ki, həm yunan-Roma, həm də sərbəst güləş üzrə milli komandalar komanda hesabında birinci yerə layiq görülüblər. Bu nəticə xüsusi əhəmiyyət kəsb edir.
Qadın güləşçilərin də medalçılar sırasında yer alması yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu, qızlar arasında güləşə marağın artdığını göstərir və gələcəkdə daha böyük uğurların əldə olunacağına inam yaradır. Bildirilib ki, medalçıların sayı daha çox ola bilərdi, lakin müəyyən amillər buna imkan verməyib. Bununla belə, həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə bütün istiqamətlərdə inkişaf müşahidə olunur.
Milli komandada hökm sürən yüksək əhval-ruhiyyə və birlik xüsusi vurğulanıb. Qeyd edilib ki, komanda üzvlərinin bir ailə kimi bir-birinin uğuruna sevinməsi çox qiymətli amildir.
İdmançıların yalnız yarış meydanında deyil, cəmiyyətdə və gündəlik həyatda da nümunəvi davranış sərgiləmələri yüksək dəyərləndirilib. Bildirilib ki, tarixdə bəzi məşhur idmançıların məhz bu prinsiplərə əməl etmədikləri üçün nüfuzlarını itirmələri halları mövcuddur. Lakin Azərbaycanda uzun illər ərzində belə halların müşahidə olunmaması müsbət hal kimi qeyd edilib. Vurğulanıb ki, medallarla yanaşı, yüksək mənəvi keyfiyyətlər də ən azı o qədər vacibdir.
Eyni zamanda vurğulanıb ki, idmançılar həm yarış zamanı, həm də yarışdan kənarda hər zaman ləyaqətli davranış nümayiş etdirməlidirlər. Hakim səhvləri və ya ədalətsizlik halları baş verdikdə belə, bu prinsiplərə sadiq qalmaq vacibdir. Bildirilib ki, bəzi hallarda, xüsusilə Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı qərəzli münasibət müşahidə olunur.
Sonda qeyd olunub ki, harada olmalarından asılı olmayaraq, idmançılar həm xalça üzərində, həm də ondan kənarda daim ləyaqətli davranış prinsiplərinə sadiq qalmalıdırlar. Bu, ölkəni təmsil edən hər bir idmançı üçün əsas meyardır.