Prezident çıxışı zamanı bildirib ki, Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın müasir enerji siyasətinin əsasını qoymuş və zaman keçdikcə genişlənərək beynəlxalq əhəmiyyətli “Bakı Enerji Həftəsi” formatına çevrilmişdir. Dövlət başçısı qeyd edib ki, 1996-cı ildə imzalanmış “Şahdəniz” müqaviləsi ölkənin qaz sənayesində yeni mərhələnin başlanğıcı olmuş, Azərbaycanın dünya enerji təhlükəsizliyində rolunu əhəmiyyətli dərəcədə artırmışdır.
Prezident vurğulayıb ki, “Bakı Enerji Həftəsi” qlobal enerji sahəsində ən nüfuzlu platformalardan biridir. O, tədbirlə bağlı məktub ünvanlayan ABŞ Prezidenti Donald Trampa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürünü ifadə edib. Dövlət başçısı enerji istehsalçısı ölkələrə qarşı uzun illər aparılan qərəzli yanaşmaların dəyişməsində Prezident Trampın mövqeyini müsbət qiymətləndirib.
Prezident İlham Əliyev bildirib ki, neft və qaz bu gün də dünya iqtisadiyyatının və enerji təhlükəsizliyinin əsas dayaqlarından biridir. Bununla yanaşı, iqlim dəyişiklikləri ilə mübarizə və bərpaolunan enerji mənbələrinin inkişafı da vacib istiqamətlər sırasındadır. O vurğulayıb ki, ölkələr malik olduqları təbii sərvətlərə görə deyil, həmin sərvətlərdən əldə etdikləri gəlirləri necə idarə etmələrinə görə qiymətləndirilməlidir.
Çıxışında Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın enerji inkişafının təməli 1994-cü ildə qoyulub. Həmin dövrdə ölkə ağır iqtisadi və siyasi vəziyyətlə üz-üzə idi, ərazisinin təxminən 20 faizi işğal altında qalmışdı, 1 milyon qaçqın və məcburi köçkün vardı, yoxsulluq səviyyəsi isə 50 faizdən çox idi. Azərbaycan elektrik enerjisi və təbii qaz idxal edən ölkə idi. Bu çətin şəraitdə ölkənin inkişafı üçün yeganə çıxış yolu təbii sərvətlərdən səmərəli istifadə etmək olub.
Dövlət başçısı qeyd edib ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində hazırda ölkədə yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təxminən eyni rəqəm səviyyəsindədir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun təxminən 6 faizindən bir qədər çoxdur və bu göstərici dünyada ən aşağı səviyyələrdən hesab olunur. Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanmış ehtiyatlar isə xarici borcu 18 dəfədən çox üstələyir.
Prezident İlham Əliyev vurğulayıb ki, enerji gəlirləri hesabına güclü iqtisadiyyat və müasir ordu qurulub. Bunun nəticəsində Azərbaycan 30 il ərzində işğal altında qalmış torpaqlarını azad edib və 44 gün davam edən Vətən müharibəsində Ermənistan üzərində qələbə qazanıb.
Dövlət başçısı enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən layihələrdən bəhs edərək Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa, Cənubi Qafqaz Qaz Kəməri, TANAP və TAP layihələrinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, bu layihələri birləşdirən Cənub Qaz Dəhlizinin ümumi uzunluğu 3500 kilometrdir və hazırda artan sayda ölkələrin enerji təhlükəsizliyinə xidmət edir.
Prezident bildirib ki, ötən il Azərbaycan qazını 12 ölkə alırdısa, hazırda bu rəqəm 16-ya çatıb. Həmin ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Dövlət başçısı vurğulayıb ki, “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi, Abşeron yatağı və digər mənbələr hesabına qaz hasilatı daha da artırılacaq.
Çıxışda qeyd olunub ki, SOCAR hazırda Yaxın Şərq, Afrika və Mərkəzi Asiyada investisiyalar həyata keçirir. Bundan əlavə, Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan üzərindən beynəlxalq bazarlara çıxarılır.
Prezident İlham Əliyev bildirib ki, ölkədə emal sənayesi də sürətlə inkişaf edir. Hazırda SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. “Italiana Petroli” şirkətinin alınmasından sonra isə Aralıq dənizi hövzəsindəki emal gücü 13 milyon tondan 23 milyon tona yüksəlib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın mövcud qaz ehtiyatları ən azı növbəti 100 il ərzində həm ölkənin, həm də tərəfdaş dövlətlərin tələbatını ödəməyə kifayət edəcək. Bununla yanaşı, ölkə bərpaolunan enerji mənbələrinin inkişafına da xüsusi önəm verir. Gələn ilin sonunadək günəş və külək enerjisi üzrə istehsal gücünün 2 giqavata, 2032-ci ilin sonunadək isə 8 giqavata çatdırılması nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji gücü istifadəyə verilib.
Prezident qeyd edib ki, “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Rumıniya, Macarıstan və digər Avropa ölkələri ilə birləşdirəcək. Bununla yanaşı, Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə elektrik kabeli layihəsi və Mərkəzi Asiyadan Xəzər vasitəsilə uzanacaq yaşıl enerji kabeli üzərində işlər davam etdirilir.
Dövlət başçısı vurğulayıb ki, Şərq-Qərb nəqliyyat dəhlizi uğurla fəaliyyət göstərir və onun yeni qolu olacaq Zəngəzur dəhlizinin də reallaşdırılması nəzərdə tutulur. Prezident xatırladıb ki, bununla bağlı sənəd ötən il avqustun 8-də imzalanıb.
Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycan qazı hazırda 16 ölkəyə çatdırılır. Bu əməkdaşlıq formatının formalaşmasında Azərbaycanın təşəbbüsləri və investisiyaları mühüm rol oynayıb. Dövlət başçısı əminliyini ifadə edib ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən müzakirələr, imzalanacaq sənədlər və yeni layihələr enerji sahəsində əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəkdir.