Prezident İlham Əliyev 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə müsahibə verib.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələrin hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunduğunu qeyd edib:
“İki ölkə arasında münasibətlərin bu səviyyəyə yüksəlməsi illər ərzində formalaşmış qarşılıqlı anlayışın, liderlər arasında səmimi dostluğun və ortaq strateji məqsədlərin nəticəsidir. Azərbaycan və Qazaxıstan təkcə ikitərəfli münasibətlərdə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ardıcıl şəkildə dəstəkləyirlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digər beynəlxalq platformalarda səmərəli əməkdaşlıq edir, qlobal miqyasda sülhün, əməkdaşlığın və ədalətin möhkəmlənməsi üçün səylərini birləşdirirlər. Təbii ki, bu qarşılıqlı dəstək həm siyasi etimadın, həm də ortaq maraqların təzahürüdür.
Qazaxıstan daim Azərbaycanın beynəlxalq təşəbbüslərini, xüsusilə də sülh gündəmini, dayanıqlı inkişaf layihələrini və regional əməkdaşlıq təşəbbüslərini dəstəkləyir. Eyni zamanda, Azərbaycan da qardaş Qazaxıstanın beynəlxalq arenadakı mövqelərini və təşəbbüslərini hər zaman diqqətlə izləyir və dəstək verir. Bu qarşılıqlı əməkdaşlıq iki dövlətin münasibətlərini təkcə siyasi deyil, həm də strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Onu da bildirim ki, ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 yaşı var. Bu illər ərzində Azərbaycanla Qazaxıstan arasında təqribən 170 sənəd hazırlanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb”.