Naxçıvanın hərtərəfli inkişafı yeni mərhələyə qədəm qoyur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə muxtar respublikanın gələcək inkişaf perspektivləri, iqtisadi və enerji potensialı, nəqliyyat infrastrukturu, təhlükəsizlik, sosial sahə, turizm və tarixi-mədəni irsin qorunması ilə bağlı mühüm məsələlərə toxunulub.
Dövlət başçısının Naxçıvana Prezident kimi 17-ci səfəri regionun inkişafına dövlət səviyyəsində göstərilən davamlı diqqətin növbəti nümunəsi kimi qiymətləndirilib. Səfər çərçivəsində həyata keçirilən tədbirlərin Naxçıvanın sosial-iqtisadi inkişafının yeni mərhələsinə keçid baxımından əhəmiyyət daşıdığı vurğulanıb.
Müsahibədə Naxçıvanın qarşıdakı dövrdə daha sürətli sosial-iqtisadi inkişafının təmin olunacağı bildirilib. Bu istiqamətdə dövlət proqramlarının icrası, yeni layihələrin həyata keçirilməsi və əlavə maliyyə resurslarının ayrılması regionun inkişafının əsas istiqamətləri kimi diqqətə çatdırılıb.
Naxçıvanın təhlükəsizliyi və müdafiə potensialının gücləndirilməsi də prioritet məsələlərdən biri kimi qeyd olunub. Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasından sonra muxtar respublikanın hərbi imkanlarının daha da genişləndirildiyi, müasir hərbi texnika və yeni komando qüvvələri ilə təminatın davam etdirildiyi bildirilib. Azərbaycan Silahlı Qüvvələrinin regionda güclü mövqeyə malik olduğu və Naxçıvanın müdafiə imkanlarının bundan sonra da artırılacağı diqqətə çatdırılıb.
İqtisadi inkişaf baxımından Naxçıvan Sənaye Parkının yaradılması mühüm layihələrdən biri kimi təqdim olunub. Parkın yeni istehsal sahələrinin formalaşdırılmasına, investisiyaların cəlb edilməsinə və əlavə iş yerlərinin yaradılmasına ciddi töhfə verəcəyi qeyd edilib. Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması isə Naxçıvanın enerji təminatının daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilib.
Naxçıvanın enerji potensialının genişləndirilməsi müsahibənin əsas mövzularından biri olub. Muxtar respublikanın enerji təminatının hazırda kifayət qədər dayanıqlı olduğu, gələcəkdə isə generasiya imkanlarının artırılması ilə yanaşı, elektrik enerjisinin ixracına şərait yaradılacağı bildirilib. Günəş və su elektrik stansiyalarının sayının artırılması, yeni enerji layihələrinin həyata keçirilməsi və enerji saxlanc sistemlərinin qurulması istiqamətində işlərin davam etdiriləcəyi vurğulanıb.
Naxçıvanın Günəş enerjisi baxımından ölkənin ən əlverişli bölgələrindən biri olduğu qeyd edilərək, böyük ərazilərdə yüzlərlə meqavat gücündə yeni Günəş elektrik stansiyalarının yaradılmasının planlaşdırıldığı bildirilib. Bu potensialın gələcəkdə həm daxili tələbatın ödənilməsinə, həm də elektrik enerjisinin ixracına xidmət edəcəyi diqqətə çatdırılıb.
Müsahibədə Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsində qazlaşmanın tam səviyyəyə çatdırılmasının, müxtəlif elektrik stansiyalarının fəaliyyətinin və yeni enerji layihələrinin mühüm rol oynadığı bildirilib. Eyni zamanda, muxtar respublikada bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə Naxçıvanın yaşıl enerji məkanına çevrilməsi istiqamətində işlərin aparıldığı qeyd olunub.
Naxçıvanın tarixi və mədəni irsinin qorunması məsələsinə də xüsusi diqqət ayrılıb. Qədim dövlətçilik ənənələri, zəngin memarlıq irsi və dünya əhəmiyyətli abidələri ilə seçilən Naxçıvanda tarixi-mədəni obyektlərin bərpası və konservasiyası istiqamətində layihələrin davam etdiriləcəyi bildirilib. Möminə xatun məqbərəsinin bərpası, eləcə də görkəmli memar Əcəmi Naxçıvaninin irsinin yaşadılması bu siyasətin mühüm istiqamətlərindən biri kimi təqdim olunub.
Naxçıvanın Azərbaycan xalqına bir sıra görkəmli şəxsiyyətlər bəxş etdiyi, xüsusilə Ulu Öndər Heydər Əliyevin Naxçıvanla sıx bağlılığının regionun tarixində xüsusi yer tutduğu vurğulanıb. Bildirilib ki, Naxçıvanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və strateji mövqeyi onun yalnız Azərbaycan üçün deyil, daha geniş coğrafiya üçün də əhəmiyyətini artırır.
Kənd təsərrüfatının inkişafı da Naxçıvanın gələcək iqtisadi inkişafının mühüm istiqamətlərindən biri kimi diqqətə çatdırılıb. Bu sahə üzrə qəbul edilmiş dövlət proqramında muxtar respublikaya xüsusi yer ayrıldığı, suvarma imkanlarının genişləndirilməsi, artezian quyularının qazılması və müasir suvarma sistemlərinin qurulması hesabına istifadəsiz və ya suvarılmayan torpaqların təsərrüfat dövriyyəsinə cəlb olunacağı bildirilib.
Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə nəqliyyat əlaqələrinin gücləndirilməsi məsələsi də geniş şəkildə müzakirə olunub. Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycanın uzunmüddətli strateji hədəflərindən biri olduğu, bu istiqamətdə mühüm siyasi və praktiki addımların atıldığı bildirilib. Dəhlizin yalnız avtomobil və dəmir yolu ilə məhdudlaşmayacağı, gələcəkdə elektrik enerjisi, fiber-optik rabitə və digər kommunikasiya xətlərinin də bu marşrutdan keçə biləcəyi qeyd edilib.
Horadiz–Ağbənd avtomobil yolunun tikintisinin yekun mərhələdə olduğu, dəmir yolu layihələri üzrə də işlərin davam etdirildiyi bildirilib. Naxçıvan dəmir yolunun yenidən qurulması və onun yükdaşıma imkanlarının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən Naxçıvan ərazisində dəmir yolu xəttinin uzunluğunun 194 kilometr təşkil edəcəyi və gələcəkdə illik 15 milyon tona qədər yükdaşıma imkanının yaradılmasının hədəfləndiyi diqqətə çatdırılıb.
Naxçıvan dəmir yolunun beynəlxalq investorların və potensial yükdaşıyan tərəflərin iştirakı ilə inkişaf etdirilməsi imkanlarının da nəzərdən keçirildiyi bildirilib. Bununla belə, layihədə nəzarət paketinin Azərbaycan dövlətində qalmasının əsas şərt olduğu vurğulanıb.
Nəqliyyat dəhlizlərinin inkişafı nəticəsində Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının mühüm qovşaqlarından birinə çevrilə biləcəyi qeyd edilib. Bunun regionda iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin yaranmasına və Naxçıvanın beynəlxalq nəqliyyat-logistika imkanlarının genişlənməsinə şərait yaradacağı bildirilib.
Enerji sahəsində də Naxçıvanın gələcəkdə mühüm regional qovşağa çevrilməsi nəzərdə tutulur. Azərbaycan ərazisindən Naxçıvana, oradan isə Türkiyə və Avropa istiqamətinə enerji dəhlizlərinin yaradılması imkanlarının mövcud olduğu, bu layihələrin regionun enerji təhlükəsizliyinə də töhfə verə biləcəyi qeyd olunub.
Sosial sahədə isə DOST və “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin əhəmiyyəti, sosial xidmətlərin və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Uşaq bağçalarının tikintisi və təmiri ilə bağlı ehtiyacların da qarşılanacağı bildirilib.
Naxçıvan şəhərinin nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində yeni elektrik avtobuslarının istifadəyə verilməsi, rayonlararası sərnişindaşıma üçün 217 müasir avtobusun alınmasının nəzərdə tutulması və kənd yollarının yaxşılaşdırılması ilə bağlı planlar açıqlanıb. Müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri üzrə ümumilikdə 420 kilometr uzunluğunda yol layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Naxçıvan şəhərinin gələcək inkişafında şəhərsalma məsələlərinin də xüsusi əhəmiyyət daşıdığı bildirilib. Muxtar respublikanın inzibati mərkəzinin Baş planının hazırlanması, müasir şəhər infrastrukturu və abadlıq layihələrinin həyata keçirilməsi qarşıya qoyulan əsas məqsədlər sırasındadır.
Turizm sahəsində Naxçıvanın böyük imkanlara malik olduğu qeyd olunaraq, tarixi abidələr, təbiət, iqlim və mənzərəli məkanların turizmin inkişafı üçün əlverişli zəmin yaratdığı bildirilib. Turizm infrastrukturunun əsas problemlərindən biri kimi mehmanxana fondunun məhdudluğu göstərilib və şəhər mərkəzində yeni beşulduzlu hotelin tikintisinə başlanıldığı diqqətə çatdırılıb.
Müsahibədə Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirildiyi xüsusi vurğulanıb. Bu üç region arasında tarixi, coğrafi, iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsinin geniş perspektivlər açacağı bildirilib.
Bərpaolunan enerji imkanlarına görə Naxçıvanın da yaşıl enerji zonası kimi inkişaf etdirilməsi nəzərdə tutulur. Günəş və su elektrik stansiyalarından əldə olunan enerjinin daha səmərəli istifadəsi üçün enerji saxlanc sistemlərinin yaradılması planlaşdırılır. İlk mərhələdə Naxçıvanda ən azı 100 meqavat gücündə batareya enerji saxlanc qurğusunun yaradılması nəzərdə tutulur.
Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlər Naxçıvanın qarşıdakı illərdə sosial-iqtisadi, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı və turizm sahələrində genişmiqyaslı layihələrin həyata keçirildiyi mühüm inkişaf məkanlarından birinə çevriləcəyini göstərir. Qarşıya qoyulan əsas məqsəd Naxçıvanın təhlükəsizliyinin və dayanıqlı enerji təminatının daha da möhkəmləndirilməsi, iqtisadi fəallığın artırılması, yeni iş yerlərinin yaradılması, müasir infrastrukturun formalaşdırılması və muxtar respublikanın regional nəqliyyat və enerji layihələrində rolunun əhəmiyyətli dərəcədə gücləndirilməsidir.
jpg
2
1