Naxçıvan Muxtar Respublikasının yaradılmasından 102 il ötür.

Muxtar respublikanın yaradılması Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb etmiş və xalqımızın həyatında əlamətdar hadisəyə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyev demişdir: "Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycan dövlətinin ayrılmaz hissəsidir, gözəl guşələrindən, diyarlarından biridir".
Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub. Ulu Öndər hakimiyyətə gəldiyi ilk dövrlərdən etibarən Naxçıvanı daim diqqət mərkəzində saxlayıb, muxtar respublikanın gələcəyi ilə bağlı mühüm qərarların təşəbbüskarı olub. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi kimi qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərərək Azərbaycanın müstəqilliyə doğru yolunu sürətləndirib.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər tariximizə parlaq səhifələr yazıblar.
Prezident İlham Əliyev prezidentliyi dövründə dəfələrlə Naxçıvan Muxtar Respublikasına səfər edib. Bu müddətdə dövlət başçısı muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair çoxsaylı sərəncamlar imzalayıb, mühüm dövlət proqramlarını təsdiqləyib.
Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nı və 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı imzalaması Naxçıvanın zəngin dövlətçilik tariximizdə və ölkəmizin inkişafında mühüm yer tutduğunu bir daha təsdiqləyir.