MyGov platforması və rəqəmsal imkanlarla bağlı maarifləndirici tədbir keçirilib

1 oktyabr 2026-cı il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xok kənd tam orta məktəbində MyGov platforması və rəqəmsal imkanlarla bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Səbinə Həsənova çıxış edərək müasir dövrdə rəqəmsal texnologiyaların həyatın müxtəlif sahələrində, o cümlədən dövlət xidmətlərinin göstərilməsində rolundan danışıb.
Çıxış zamanı Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Həmçinin MyGov platformasının imkanları, platformadan istifadə qaydaları və vətəndaşların elektron xidmətlərdən yararlanması ilə bağlı ətraflı məlumat verilib. MyGov-un vətəndaşların vaxtına qənaət etməsi, dövlət xidmətlərindən elektron şəkildə istifadəyə imkan yaratması və məlumatlara daha rahat çıxışı təmin etməsi barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində MyGov platforması ilə bağlı videoçarx nümayiş etdirilib.
Sonda iştirakçıların platforma ilə bağlı sualları cavablandırılıb və MyGov-un imkanlarından istifadəyə dair tövsiyələr verilib.