Kəngərli rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon Təşkilatının birgə təşkilatçılığı ilə Bayraq Meydanında 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, dönməzdir” adlı tədbir keçirilib.
Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Kəngərli rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Rüstəmov, Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının sədri Sevda Quluyeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımızın dövlətçilik salnaməsində mühüm mərhələ olmuşdur. Bildirilib ki, Sovet imperiyası dağıldıqdan sonra dövlət müstəqilliyinin bərpasının ilk illərində mürəkkəb siyasi proseslər və keşməkeşli tarixi hadisələr yaşansa da, məhz Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan öz müstəqilliyini qorudu və əbədiləşdirdi. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs və fəaliyyət mexanizmi Azərbaycana əbədi müstəqillik, daimi suverenlik, əbədi inkişaf, güclənməkdə olan hərbi-siyasi güc və beynəlxalq siyasətdə hesablaşması vacib olan tərəf hörməti qazandırdı.
Vurğulanıb ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi möhkəmlənmiş, ölkəmiz sabitlik və inkişaf yoluna qədəm qoymuşdur. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha güclü, qüdrətli və qalib dövlət kimi inkişaf edir.
Tədbirdə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, Çalxanqala kənd Uşaq Musiqi Məktəbi və Qıvraq qəsəbə İncəsənət Məktəbinin hazırladığı musiqi nömrələri təqdim olunub.