Müasir Azərbaycanın Siyasi Sabitliyi və İqtisadi İnkişafı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı qeyd etmişdir ki, 1994-cü ildə keçirilən ilk neft-qaz sərgisindən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlanan tarixi sənədi imzaladı. Bu müqavilə ölkənin iqtisadi və siyasi gələcəyinə ciddi təsir göstərdi. Həmin dövrdə ölkədə iqtisadi vəziyyət ağır idi – iqtisadiyyat iflic olmuşdu, inflyasiya min faizlə ölçülürdü, daxili sabitlik pozulmuşdu və ərazilərin bir hissəsi işğal altında idi. Belə bir şəraitdə Heydər Əliyevin rəhbərliyi ilə atılan bu addım Azərbaycanın dünya neft bazarına qayıdışını təmin etdi və müstəqilliyin möhkəmləndirilməsində əsas rol oynadı.
Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələr nəticəsində Azərbaycan, açıq dənizə çıxışı olmasa da, Avrasiyanın əsas enerji və nəqliyyat mərkəzinə çevrilib. Ölkə istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqlar balansını hər zaman əsas prinsip kimi qoruyub və bu yanaşma uğurun təməlini təşkil edir.
Ölkə başçısı əlavə olaraq vurğulamışdır ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi, ölkənin beynəlxalq enerji gündəmində məsuliyyətli aktor kimi çıxış etdiyini nümayiş etdirdi. “Bakı sıçrayışı” adlandırılan bu tədbirdə İtki və Zərər Fondu fəaliyyətə başladı, inkişafda olan ölkələr üçün maliyyə dəstəyi 100 milyard dollardan 300 milyard dollara qədər artırıldı, karbon bazarı isə işlək hala gətirildi. Eyni zamanda, yaşıl enerji sahəsində konkret layihələrə sərmayə qoyularaq, qlobal iqlim gündəliyinə real töhfə verildi.
Prezident onu da qeyd etmişdir ki, Azərbaycanın enerji siyasəti təkcə ölkə daxilində iqtisadi inkişafı deyil, həm də regional sabitlik və beynəlxalq əməkdaşlığı gücləndirən əsas dayaqlardan biri hesab olunur. Neft və qazla zəngin ölkə olaraq, Azərbaycan yaşıl gələcəyə doğru məsuliyyətli addımlarla irəliləməkdədir.