Prezident İlham Əliyev tədbirdə çıxış edib.
"Bu gün ölkəmizin energetika sahəsində əlamətdar bir gündür. “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir.
“8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur.
Mingəçevir 1970-ci illərdə Azərbaycan energetika sektorunun mərkəzi rolunu oynamışdır. Ulu Öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilmişdir. Ondan sonra digər bloklar da istismara verilərək artıq o zaman hələ sovet dövründə bu stansiya Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilmişdir.
Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulmuşdur, eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır. Burada baş vermiş qəza nəticəsində ölkəmizin böyük hissəsi işıqsız qalmışdı. Ondan sonra praktiki tədbirlər görülməyə başlanmış və biz qısa müddət ərzində burada böyük uğurlara nail ola bilmişik.
2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu. 2020-ci il iyunun 25-də - düz beş il bundan əvvəl burada stansiyaya yeni həyat verilmişdir. Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur".