Milli mətbuatın yaranmasından 150 il ötür

150 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin banisi olduğu “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu.
1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı.
1998-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi.
Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.
Milli mətbuatımız hər zaman xalqın yanında olmuş, onun səsini dünya ictimaiyyətinə çatdırmış, ədalətin, haqqın müdafiəçisi olmuşdur. Xüsusilə, Vətən müharibəsi dövründə Azərbaycan mediasının tutduğu mövqe, informasiya cəbhəsində apardığı mübarizə bir daha göstərdi ki, jurnalistlərimiz həm də vətənpərvər informasiya əsgərləridir.
22 İyul – Milli Mətbuat Günü, Azərbaycan jurnalistikasının keçdiyi çətin və şərəfli yolun, qazandığı uğurların və gələcək hədəflərinin simvoludur. Bu əlamətdar gün münasibətilə bütün jurnalistləri, media nümayəndələrini təbrik edir, onlara məsuliyyətli və prinsipial fəaliyyətlərində uğurlar arzu edirik.