2025-ci il mayın 21-də Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan ilə Macarıstan arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsindən məmnunluq ifadə etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, bu, onun Macarıstana altıncı səfəridir, Macarıstanın Baş naziri cənab Viktor Orban isə Azərbaycana yeddi dəfə səfər etmişdir. Prezident İlham Əliyev Macarıstanın Azərbaycanın etibarlı strateji tərəfdaşı olduğunu vurğulamış, bu ölkənin müstəqil siyasət yürütməsini və beynəlxalq nüfuzunun artmaqda davam etməsini yüksək qiymətləndirmiş, əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik etmişdir.
Ölkə başçısı çıxışında həmçinin bildirmişdir ki, ötən il Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşü Azərbaycanın təşəbbüsü ilə Şuşa şəhərində keçirilmişdir. Məmnunluqla qeyd olunmuşdur ki, həmin təşəbbüsün davamı olaraq cari il ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilmişdir. Prezident İlham Əliyev Qırğızıstan Respublikasının Prezidenti cənab Sadır Japarovu Qırğızıstanın hazırda təşkilata uğurlu sədrliyi münasibətilə təbrik etmişdir.
Dövlət başçısı diqqətə çatdırmışdır ki, 2025-ci il ərzində Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşinə ev sahibliyi edəcək və bu münasibətlə bütün üzv dövlətlərin rəhbərlərini Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət etmişdir. Eyni zamanda, bildirilib ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə yatırmışdır. Həmçinin bu il Türk İnvestisiya Fondunun rəsmi fəaliyyətə başlaması nəzərdə tutulur.