24 fevral 2026-cı il tarixdə Qabıllı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Səfər Səfərov və Kəngərli Rayon Prokurorunun köməkçisi Şahmar Həşimov mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda məişət zorakılığının cəmiyyət üçün yaratdığı sosial və psixoloji fəsadlardan, zorakılıq hallarının qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən hüquqi və institusional tədbirlərdən bəhs olunub. Bildirilib ki, ailə dəyərlərinin qorunması, qarşılıqlı hörmət və sağlam ünsiyyət mühitinin formalaşdırılması məişət zorakılığının qarşısının alınmasında mühüm rol oynayır.
Eyni zamanda, vətəndaşlara məişət zorakılığı halları ilə qarşılaşdıqları təqdirdə müraciət edə biləcəkləri qurumlar və hüquqi müdafiə mexanizmləri barədə məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin əsas məqsədi əhali arasında maarifləndirmə işinin gücləndirilməsi, hüquqi biliklərin artırılması və zorakılıq hallarına qarşı həssaslığın yüksəldilməsi olub.