Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən hər il 26 avqust tarixi Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan tarixində müstəsna əhəmiyyət daşıyır və ölkəmizin ərazi bütövlüyü uğrunda əldə etdiyi böyük Zəfərin rəmzinə çevrilib.
2022-ci il avqustun 26-da Azərbaycan Ordusu şanlı yürüşünü tamamlayaraq Laçın şəhərinə yerləşdi. Həmin gün dövlət başçısı İlham Əliyev bu tarixi hadisə barədə Azərbaycan xalqına rəsmi müraciət edərək Laçının işğaldan azad olunduğunu bəyan etdi. Bu xəbər 30 ilə yaxın həsrətlə doğma yurdlarına qayıdış gününü gözləyən Laçın sakinləri üçün unudulmaz sevincə çevrildi.
Eyni gündə Azərbaycan Respublikasının Dövlət Bayrağı Laçın şəhərində ucaldıldı, Zabux və Sus kəndləri üzərində suverenliyimiz bərpa olundu. Silahlı Qüvvələrin Ali Baş Komandanına edilən rəsmi məruzə bu tarixi anı rəsmiləşdirdi və Azərbaycanın gücünün, birliyinin təcəssümü oldu.
Laçın şəhəri və ətraf kəndlərin işğaldan azad olunması, Vətən müharibəsində qazanılan Zəfər, eləcə də 2020-ci il 10 noyabr Bəyanatının icrası Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir.
2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.
Bu gün Laçın şəhəri yenidən dirçəlir, doğma sakinlərini öz qoynuna alır. 26 avqust tarixi Azərbaycan xalqının iradəsini, ərazi bütövlüyümüz uğrunda mübarizəmizi və torpaqlarımıza olan əbədi sevgimizi simvolizə edən qürur və şərəf günüdür.