26 may 2025-ci il tarixində Kəngərli Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Xok kənd tam orta məktəbində “Yeniyetmələr arasında narkotik vasitələr və psixotrop maddələrin yayılmasının qarşısının alınması yolları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Səfər Səfərov, Kəngərli Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Asiman Novruzov, Xok kənd tam orta məktəbin psixoloqu Məsi Nağıyeva və məktəbin Uşaq birliyinin sədri Turac İbrahimova çıxış edərək yeniyetmələr arasında narkotik və psixotrop maddələrin yayılmasının təhlükəli tendensiya olduğunu vurğuladılar. Bildirildi ki, bu problemlə mübarizə yalnız hüquq-mühafizə tədbirləri ilə deyil, eyni zamanda maarifləndirmə və profilaktik fəaliyyətlə də aparılmalıdır. Gənclərin asudə vaxtının səmərəli təşkili, onların idman və mədəni fəaliyyətlərə yönləndirilməsi mühüm amillər kimi qeyd olundu. Psixoloji dəstəyin əhəmiyyəti, ailə və məktəb arasında əməkdaşlığın gücləndirilməsi, həmçinin gənclər arasında sağlam həyat tərzinin təbliği tədbirin əsas mesajlarından biri oldu. Çıxış edənlər bu istiqamətdə birgə fəaliyyətin vacibliyini xüsusi vurğuladılar.