Noyabrın 5-də Yurdçu kənd tam orta məktəbində Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 oktyabr–20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşları Səfər Səfərov, Bəxtiyar Əsgərov və məktəbin psixoloqu Heyran Əliyeva çıxış edərək qeyd ediblər ki, “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü – 20 noyabr Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin təkmilləşdirilməsindən ibarətdir.
Çıxışlarda vurğulanıb ki, uşaqların sağlam mühitdə böyüməsi, təhsil alması və hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, eləcə də dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilib. Qeyd olunub ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində respublikamızda bir sıra mühüm tədbirlər həyata keçirilir.
Tədbirdə həmçinin 8 Noyabr – Zəfər Gününün əhəmiyyəti, xalqımızın azadlıq və suverenlik uğrunda apardığı mübarizənin tarixi qələbə ilə nəticələnməsi və bu günün gənc nəsil üçün vətənpərvərlik nümunəsi olması da qeyd olunub.