"Konstitusiya və Suverenlik İli" çərçivəsində 11 aprel 2025-ci il tarixində Kəngərli Rayon İcra Hakimiyyətinin iclas zalında “Konstitusiya demokratik cəmiyyətin hüquqi əsasıdır” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbir Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutdu. Tədbirdə Ombudsman aparatının əməkdaşları, Kəngərli Rayon İcra Hakimiyyətinin və rayon üzrə dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rəşad Həsənzadə və Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə şöbəsinin müdiri Vahidə Bayramova Konstitusiyanın cəmiyyətdəki rolu, insan hüquqlarının qorunmasındakı əhəmiyyəti barədə geniş məlumat verdilər.
Daha sonra Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Nuranə Kərimova və Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Səfər Səfərov çıxışları zamanı qeyd ediblər ki, Konstitusiya ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin əsasını təşkil edir. Hər bir vətəndaşın hüquq və azadlıqlarını qoruyan bu ali sənəd, insan ləyaqətinin təminatçısı və ədalətin dayağıdır. Hüquqların tanınması və qorunması Konstitusiyamızın əsas prioritetidir.
Tədbirin sonunda “Dövlətin əsasları” adlı videoçarxın nümayişi olmuşdur.