Kəngərli rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Fevralın 26-da Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Kəngərli rayonunda anım tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları Mədəniyyət Sarayının foyesində "Ana harayı" panosunun önünə tər qərənfillər düzmüş, sərgiyə baxış keçirmişlər.
Daha sonra tədbirin davamında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, soyqırım qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Qıvraq qəsəbə tam orta məktəbin müəllimi İlkin Əhmədov qeyd etmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə tutulmuş və işğal olunmuşdur. Həmin gecə mülki əhaliyə qarşı xüsusi amansızlıqla törədilmiş qətliam Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri kimi yadda qalmışdır.
Vurğulanmışdır ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis tərəfindən “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edilmiş, faciəyə hüquqi-siyasi qiymət verilmişdir. Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparılmış, 2008-ci ildən etibarən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində fəaliyyət daha da genişlənmişdir. Hazırda bir sıra ölkələr tərəfindən Xocalı soyqırımı tanınmış və hadisəyə beynəlxalq səviyyədə siyasi qiymət verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Xocalı şəhəri separatçılardan təmizlənmiş, işğaldan azad olunmuş bütün ərazilərimizdə üçrəngli Dövlət Bayrağımız ucaldılmışdır. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilərək həmin torpaqlara yeni həyat qaytarılır.
Tədbirin sonunda “Danışır Xocalı” sənədli filmi nümayiş olunmuşdur.
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg