Kəngərli rayonunda Vətən müharibəsi şəhidi Vüqar Əsgərovun doğum günü qeyd olunub.

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Əsgərov Vüqar Rza oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib.
Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov şəhid Vüqar Əsgərovun şərəfli həyat yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan bəhs edib. İcra başçısı öz çıxışında bildirib ki, məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun gücü, şəhidlərimizin qanı və qazilərimizin şücaəti sayəsində bu gün Azərbaycan xalqı azad, suveren və qalib ölkənin vətəndaşı kimi qürurla yaşayır. İcra başçısı şəhidlərimizin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim uca tutulduğunu vurğulayıb.
Daha sonra çıxış edən şəhid atası Habil Cəfərov şəhid valideynləri adından göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. O, Vətən uğrunda canından keçən oğullarımızın heç vaxt unudulmayacağını, onların hər birinin Azərbaycanın qürur mənbəyi olduğunu qeyd edib.
Tədbirin davamında Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Xuraman Cəfərli "Şəhid ata və anaları" mövzusunda çıxış edərək, övladlarını Vətənə qurban verən valideynlərin fədakarlığından danışıb. Mərkəzi Kitabxananın əməkdaşı Türkanə Qasımova isə "Şəhidlərimiz və Qazilərimiz" mövzusunda çıxışında Zəfər tariximizi yazan qəhrəmanların keçdiyi döyüş yoluna nəzər salıb.
Rəsmi çıxışlardan sonra şəhid Vüqar Əsgərovun əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı vətənpərvərlik ruhunda ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg