Martın 19-da Kəngərli Rayon İcra Hakimiyyətinin və Mədəniyyət Sektorunun birgə təşkilatçılığı ilə xalqımızın qədim tarixini, zəngin milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramına həsr olunmuş tədbir təşkil edilmişdir.
Tədbirin aparıcıları çıxış edərək bildirmişlər ki, xalqımızın ən əziz, ən sevimli milli bayramı olan Novruz bayramı ulu əcdadlarımızdan bizə qalmış mirasdır.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş igidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.
Qeyd olunmuşdur ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmiş və bu gün həmin ərazilərdə də Novruz bayramı böyük təntənə ilə qeyd olunur. Artıq bayram tonqalları mədəniyyət beşiyimiz olan Şuşa, Xankəndi, Cəbrayıl, Xocalı və bütövlükdə Qarabağda alovlandırılır.
Çıxışlarda vurğulanmışdır ki, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində Novruz bayramı respublika miqyasında geniş və təntənəli şəkildə qeyd olunmağa başlanmışdır. Ümummilli Lider Novruz bayramını xalqımızın əsrlər boyu qoruyub saxladığı, milli kimliyimizi və mənəvi dəyərlərimizi yaşadan mühüm bayram kimi dəyərləndirmişdir.
Bayram tədbirində el ağsaqqalı Dədə Qorqud xalqımıza xeyir-dua verərək, xoş arzularını çatdırmışdır. Keçəl, Kosa və Bahar qızı şənliyə qatılan qonaqları salamlayaraq öz maraqlı çıxışları ilə bayram əhval-ruhiyyəsi yaratmışlar. Tədbir çərçivəsində rəqs kollektivlərinin və musiqiçilərin ifasında baharın gəlişini tərənnüm edən musiqilər səsləndirilmiş, rəqs nümunələri nümayiş olunmuşdur.