“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 12 fevral 2026-cı il tarixdə Kəngərli Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və tikintiyə dair qanunvericiliyin və normativ-hüquqi sənədlərin tələblərinin pozulmasının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, aidiyyəti qurumların nümayəndələri və sahibkarlar iştirak ediblər.
Çıxış edənlər şəhərsalma nəzarətinin əsas norma və qaydaları, qanunsuz tikililərlə mübarizənin hüquqi əsasları, eləcə də bu sahədə qarşılıqlı əməkdaşlığın əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Bildirilib ki, şəhərsalma və tikinti qaydalarına riayət olunması yaşayış mühitinin təhlükəsizliyi və dayanıqlı inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.