Ölkə Prezidenti cənab İlham Əliyevin 21 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”na uyğun olaraq, Kəngərli rayonunun bir sıra yaşayış məntəqələrində içməli su və suvarma suyu ilə təminatın daha da yaxşılaşdırılması nəzərdə tutulur.
Tədbirlər Planına əsasən Kəngərli rayonunda aşağıdakı işlərin həyata keçirilməsi planlaşdırılır:
1. Kəngərli rayonu ərazisində Arpaçaydan qidalanan hidrotexniki qurğuların yenidən qurulması (2026–2028);
2. Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndində içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması (2026–2029);
3. Xok, Qabıllı, Qarabağlar və Yurdçu kəndlərində içməli su təchizatı şəbəkəsinin qurulması (2026–2029);
4. Böyükdüz və Xok kəndləri ərazisində qapalı suvarma və kollektor-drenaj şəbəkələrinin tikintisi üzrə texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması (2028–2030).
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli “Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, Kəngərli rayonunun Qıvraq qəsəbəsi, Böyükdüz, Çalxanqala, Xok, Təzəkənd və Yeni Kərki kəndlərində subartezian quyularının qazılması nəzərdə tutulmuşdur.
Görüləcək işlər rayon ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə, əhalinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatına və kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcəkdir.