İyulun 22-də Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Təhsil Şöbəsində 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Səbinə Həsənova və Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Anar Qasımov çıxış edərək 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, şərəfli və məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayıblar.
Çıxışlar zamanı qeyd olunub ki, böyük maarifçi, mütəfəkkir Həsən bəy Zərdabinin səyləri ilə 150 il öncə nəşrə başlayan "Əkinçi" qəzeti milli mətbuatımızın inkişafında müstəsna rol oynayıb.
Bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə mətbuatımızın inkişafına yüksək diqqət və qayğı göstərib. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də kütləvi informasiya vasitələrinin fəaliyyətinə hər zaman yüksək dəyər verir. Bu istiqamətdə media qurumlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Dövlət başçısı tərəfindən milli mətbuatımızın 150 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalanması da mətbuat salnaməmizə yüksək diqqətin təzahürüdür.
Tədbirin sonunda 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.